25.04.2025, 03:38
AZ EN
22.07.2024, 12:30 464

Quş ahı yaman olur ha…

XƏBƏRLƏR
  • AJB və AYB-nin üzvü, uşaq yazıçısı, şair, tərcüməçi, publisist Sevinc Nuruqızı 1964-cü il iyulun 22-də Ağdamın Şelli-Qaradağlı kəndində dünyaya göz açıb. Şelli-Qaradağlı kənd orta məktəbində təhsil alıb. M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə doğulduğu kəndin orta məktəbində rus-dili və ədəbiyyatı müəllimi kimi başlayıb.

Daha sonra Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetində baş redaktorun müavini (2003–2006), "Minamedia" nəşriyyat evində "Cırtdan" və "Ümid" uşaq jurnallarının yaradıcı heyətinin direktoru (2006–2007), İctimai Radionun efirində həftənin altı günü canlı yayımlanan "Çoxbilmiş" və "Nağıl saatı" verilişlərinin redaktoru və aparıcısı (2006–2007), F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi "Göy Qurşağı" uşaq jurnalının redaktoru olub (2015–2021). Sevinc Nuruqızı hazırda "Təhsil" və "Aspoliqraf" nəşriyyatlarında böyük redaktor və uşaq ədəbiyyatı şöbəsinin müdiri kimi fəaliyyət göstərir.

Sevinc xanımın Qarabağ müharibəsinin gətirdiyi dəhşətlər, əsir soydaşlarımızın işgəncə dolu həyatına həsr edilmiş "Qisas" adlı pyesi Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının (2006), "Gəlinciklər" adlı tamaşası Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub (2006). O, dövri mətbuatda dərc edilən yüzlərlə publisistik yazının müəllifidir. Əsərləri dövlət tərəfindən yüksək qiymətləndirilib, bir çox mükafatlara layiq görülüb."Melisa" əsəri əsasında eyniadlı "Melisa" tamaşası Abdulla Şaiq adına Kukla Teatrının səhnəsində tamaşaya qoyulub (2023)

Sevinc xanım bir çox yerli və beynəlxalq müsabiqələrin qalibidir. O, Mədəniyyət Nazirliyinin təsis etdiyi "Şuşa 270" döş nişanına layiq görülüb.

Bu gün istedadlı yazıçımız Sevinc Nuruqızının doğum günüdü. Onu təbrik edir və ürək yanğısı ilə yaddaşımıza həkk elədiyi “Ağdam” şeirini “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

AĞDAM

Qış gəlibdır, qapıdadır,
Qar yağmağa dam gəzəcək.
Qar üstündə iz qoymağa
Bir əziz adam gəzəcək...
Ay bu yurdu viran edən
Qış ahı yaman olur, ha...

Daş qoymadın daş üstündə,
Ağ damı daşdan elədin...
Bir yurdu daş-daş çevirdin,
Bir eli başdan elədin...
Daşlara, “daş”, deyib keçmə,
Daş ahı yaman olur, ha!

Quşlar süzür başı üstə,
Ağac yox ki, qursun yuva...
Ağdama yağışlar yağır,
Qan izini yuyur hava...
Sənə bir söz pıçıldayım:
Quş ahı yaman olur, ha!

 

Bu gün mələklər ordadı,

Bu dünyanın ağ yerində.

Daşın-divarın yıxılı,

Ruhların oyaq yerində.

 

Daş-daş qaldırın oxuyun

Daş-daş darayın şəhəri.

Xarabalar arasında

Gedin arayın şəhəri.

 

Kim sevdiyi qızın adın

Hansı daşa yazıb axı.

Burada yollar dolaşıb,

Xatirələr azıb axı…

 

 Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər