19.11.2025, 22:07
AZ EN
24.10.2025, 08:39 225

Bu gün şəhid Bəhruz Əliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Atası Elman Əliyev oğlu haqqında qürurla danışır. Deyir ki, Bəhruz gülərüz, mehriban, şən uşaq olub. İstiqanlıydı, özündən böyüklərlə oturub-durardı. Böyüdü, məktəbə, sonra hərbi xidmətə getdi. Bəhruz deyirdi ki, yuxuda şəhid olduğunu görüb. Onda hələ müharibə yox idi… Oğlum yoldaşları ilə Tərtərin Talış kəndini azad edib. Sonra Suqovuşana gediblər. O, 2 tank vurub, 60-a yaxın düşmən əsgərini məhv edib. Yaralı yoldaşlarını, komandirini döyüş zonasından çıxarıb. Onu qrantamyotla vurublar, yaralanıb və çoxlu qan itirdiyinə görə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların valideynlərinə səbir, qazilərimizə cansağlığı versin...

Anası Qərənfil Bəhruzlu oğlunun çox zəhmətkeş olduğunu, ailəyə, evə can yandırdığını söyləyir. Deyir ki, Bəhruz 11 ayın əsgəri olub, mən bu ərəfədə onun üzünü görmədim. Müharibəyə gedəndə bacısıyla danışıb, halallıq istəyib, qızım deyib ki, ananla da danış. Amma onun anasıyla danışmağa vaxtı çatmayıb. Deyib biz bir də görüşməyəcəyik. Torpağı, Vətəni hər kəsdən üstün tutub. Balamın qanı Qarabağ torpaqlarına qarışıb...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Bəhruz Elman oğlu Əliyevin doğum günüdür. O, 1997-ci il oktyabrın 24-də Bakıda, Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. 2004-cü ildə Maştağa qəsəbəsindəki C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib, 2013-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 9 illik ümumi orta təhsili başa vurduqdan sonra təhsilini aşpaz ixtisası üzrə Maştağa qəsəbəsindəki 13 nömrəli Bakı Peşə Məktəbində 2 il davam etdirib. 2019-cu ilin oktyabr ayının 22-də hərbi xidmətə yola düşüb. Xidmətini bir müddət Goranboyda, sonra Tərtər rayonunun Sarov kəndində keçirib. Daha sonra isə Tap Qaraqoyunlu kəndində N saylı hərbi hissədə bir müddət motoatıcılıq kurslarına cəlb edilib.

2020-ci il sentyabrın 27-də Azərbaycanın Zəfər yürüşündə Bəhruz da döyüşlərə atılıb. Cəsur əsgər elə müharibənin ilk günündə Suqovuşanda düşmənin 2 tankını, dəqiq atəşlə 60-a yaxın əsgərini məhv edib. O, döyüş zamanı yaralı əsgər yoldaşlarının döyüş zonasından çıxarılmasına da kömək edib. Sentyabrın 28-də yaralı əsgəri xilas edib döyüşə qayıdanda ağır yaralanıb və çoxlu qan itirib.

Ordumuzun qəhrəman əsgəri Bəhruz Əliyev sentyabrın 28-də şəhadətə ucalıb. Sentyabrın 29-da doğlub, boya-başa çatdığı Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Bəhruz Elman oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər