Bu gün Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, həkim, Vətən müharibəsinin qəhrəman şəhidi Nuriyev Nofəl Xaliq oğlunun doğum günüdür. O, 9 yanvar 1988-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. Orta təhsilini bitirdikdən sonra Mingəçevirdə Tibb Kollecində təhsil alıb. Kolleci bitirdikdən sonra hərbi həkimlik ixtisasına yönələn Nuriyev hərbi vəzifəsinə başlayıb. 2011-ci ildən Naftalanda, Sarıcalıda və Sarovda yerləşən hərbi və səhra hospitallarında hərbi həkim işləyib.
Nofəl Nuriyev 2016-cı ildə baş verən Aprel döyüşlərində iştirak edib, yaralı hərbçilərə yerində tibbi yardım göstərib.
Ordumuzun çavuşu Nofəl Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi həkim - feldşer kimi ön cəbhədə döyüşlərdə iştirak edib. O, Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə bir həkim kimi vəzifəsini şərəflə yerinə yetirib.
29 sentyabr 2020-ci ildə Ağdərə-Suqovuşan döyüşləri zamanı "Qaranlıq meşə" adlanan ərazidə yaralı döyüşçülərə yardım edərkən qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nofəl Nuriyev ölümündən sonra "İgidliyə" görə, "Laçının azad olunmasına görə”, "Suqovuşanın" azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun iki qızı və bir oğlu Vətənə yadigar qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD