04.03.2026, 08:55
AZ EN
06.01.2026, 12:17 374

Gedirsən, hə... Gedirsən...

XƏBƏRLƏR
  • Bu günlərdə tanınmış yazıçı Sevinc Nuruqızı öz FB səhifəsində dünyaya göz açdığı Ağdamın Şelli Qaradağlı kəndini ziyarət etməsi ilə bağlı paylaşım etmişdi. Baxdım ki, qar elə yağır, az qalır ki, nə var üstünü  örtsün, adamı da yoxa çıxarsın.

Sevinc xanımın paylaşımını, daha doğrusu adamın qəlbinə işləyən hekayəsini oxuyub ona zəng edirəm. Deyirəm, - gözün aydın olsun, amma bu qarda qorxmadınmı başınıza bir hadisə gələr, yollar bağlanar. Mənə nə cavab versə yaxşıdı? Dedi ki, orda  adam heç nə düşünmürdü, elə baş alıb gedirdi. Amma atam daha müdrikdi, deyirdi getməyin, ay bala, qayıdın! Qar olan-qalan yolu da bağlayacaq. Amma adam görmək istəyir. Əslində uçuq daş-divar, dəmir-dümürdən başqa heç nə yoxdu görməyə...

Beləliklə, Sevinc Nuruqızının doğma kəndiylə görüşünün təəssüratları olan həmin paylaşımı “Vətən səsi”nin oxucularına təqdim edirik.   

Yalnız adlar qalmışdı...

Biz Ağdama girən kimi qar başladı. Ağappaq, lopa-lopa. Sakit, həzin. Sanki ağ göyərçin lələkləri ələnirdi... Elə yağdı ki, ömründə heç yağmamış kimi. Az vaxt içində bütün yolu, bəndi-bərəni aldı ağzına. Əmim oğlu bələdçilik edirdi:

- Sevinc, bibimin (anamın) işlədiyi bağça...

Bu da Şapanın çayxanası. Bax, bu tək çinar...

Qar güclənirdi. Hamısı eyni cür yıxılmış, qapısız-pəncərəsiz, hətta daşsız evlər bir-birindən yalnız sahiblərinin adı ilə fərqlənirdi - Ağanın evi, bu Nəsib dayının, Cahangir müəllimin, Yelmar kişinin, Mürşüd əminin... Yalnız adlar qalmışdı. Evlər yox idi. Qaynatamgilin yurdunu tapmaq çətin oldu. Səslər qulağımda cingildədi. Elə bildim, Yelmar əmi bizim həyətə baxan qozu çırpır. Qoz tut kimi ələnir, öz tərəflərini yığıb gedirlər. Qaynanam deyir:

- Nənə qurban, vedrəni götür gəl, yığ biz tərəfi.

- Axı bizim ağacımız deyil.

- Biz tərəfə düşənindən bircə dənəsin də götürməzlər... Çəpərin o üzündən Səyyarə xalanın səsi gəlir. Qaynanamla dalaşdıqlarını ilk dəfə görürəm. O deyir, bu deyir. Axırda qaynanam səsinin gur yerinə salır:

- Səyra, sən hələ məni yaxşı tanımırsan ha...

Səyyarə xala tor çəpərə yaxınlaşıb bir əli belində, bir əli qaynanama tuşlanmış halda deyir:

- Az, niyə tanımıram - Lələşova Marusa, Qara qızı...

Dava bitir. Dalaşanların qəhqəhəsinə hər evdən bir neçə adam çıxır...

Mənsə o insanların ruhunu sevindirmək üçün o evlərin bircə daşını belə tapa bilmirəm...

Qar bizi kənddə saxlamaq istəyir…

Qar üzümə çırpır. Oxşayır, sığallayır. Deyir yağdım ki, yaralarını görməyəsən bu kəndin. Yağdım ki, qaradan çıxardam. Qarda itirəm-batıram vəhşilikləri... Səni ağ xatirələrlə baş-başa buraxam. Xatirələrin işığı gözümü qamaşdırır. Qar bizi kənddə saxlamaq istəyir. Bu kimsəsiz, qərib, yaralı kənddə. Həyəcanla yağıb, yolu-izi tutmağa qərarlıdır.

...Gəzə-gəzə bizim evin hələ də salamat olan sal divarlarına gəlib çatırıq. 90 yaşlı atamı da gətirmişik. Gəlib bu divarların arasında anamı axtarır, anasını axtarır, 34 ildir çıxdığı yurdu öləzimiş baxışları ilə süzür. Yerində olmayan darvazasının çıxardıb apara bilmədikləri çərçivəsinə baxıb öyünür:

- Gör nə təhər sementdəmişəm e, çıxarda bilməyiblər.

Dərinə düşmüş gözlərindəki kədəri var gücü ilə ört-basdır eləməyə çalışır.

Ruhlar bizi salamlayır…

Anamın təndirini axtarıram. Yoxdur. Əmim oğluna deyirəm:

-Bəs bir dəfə sən çəkmişdin axı təndiri.

- İndi yoxdur. Daş-kəsək, qar, yağış doldurub.

Anamın səsini eşidirəm: "Nənənin qoca vaxtına düşdü bu təndirin qoyulmağı. Ağzını yaxşı yığa bilməyib. Çox gendir. Ona görə də iki qom çırpıynan da ağarmır".

Həyətin o başından bibimin səsini eşidirəm. Elə bil indicə çağırır. Qulaqlarım cingildəyir:

- Tahirə, Zeynab oxuyur.

...Ştirlisin kinosuna baxırıq. Anam deyinir:

- Ay uşaq, heç olmasa, pərdələri çəkin. Əccə arvadın hələ 7-si çıxmıyıb axı...

Ölüsünə birgə yas tutan kəndin qəbristanlığını ötüb keçirik. Ruhlar bizi salamlayır.

Divarları olmayan məktəb həyətindən əvvəlcə uşaqlığımın səsi gəlir. Həyəcanla şeir deyirəm. Ədil müəllim məni qolu gəldikcə qaldırır... Donumun ətəklərini dartışdırıram:

 

O zaman mən uşaqdım

Bilməyirdim qəm-kədər.

Məktəbə yollanırdım

Sevinc ilə hər səhər...

Bir gün atam yanına

Çağırıb məni qəmli

Başımı sığalladı

Gözləri yaşlı-nəmli...

Kimin şeiri olduğunu xatırlamıram. Bir onu bilirəm ki, atasını müharibəyə yola salan uşağın dilindən yazılmışdı. Bu şeiri deyəndə elə bilirdim ki, bütün müharibələr yalnız tarix kitablarında və şeirlərdə qalıb. Sonra gördüm ki, yox, sən demə, bizim müharibəmiz hələ qabaqdaymış. Və daha dəhşətli, yanğılıymış. Sonra anladım ki, bizim düşmənimiz edəni dünyanın heç bir faşisti edə bilməzmiş.

... Bunun ardınca elə həmin o məktəb həyətindən gəncliyimin xatirəsi qanadlanır:

- Müəllim, şəhərə mitinqə gedirik. Bizimlə gedərsiniz?

- Gedərəm.

Axşam evdə ailə iclası qurulur. Kişilər birbaşa üzümü danlamasalar da, qaynanam dediklərini mənə pıçıldayır:

- Düz eləməmisən. Əmin deyir, ona nə yaraşırdı burdan Ağdama düşüb uşaq-muşağın dalınca gedib...

Amma düz elədiyimə o qədər əminəm ki...

Eyvandan hündür tut ağacına dırmaşıram. Anamın fincanını ağappaq tutla doldurub ona gətirirəm...

Qonşu qızı Etibarla Novruzda fişəng atırıq, düşür nənəmgilin damına. Sübhədək yatmayıb onun sönməyini gözləyirəm.

... Atam çağırır:

- Ta çox ləngiməyin. İndi qar olan-qalan yolu da itirəcək. Çıxmaq lazımdır.

Çıxırıq. Bu ipisti, ana qucağı qədər əziz və doğma kəndi öz dərdləri ilə baş-başa qoyub, çıxırıq. Çıxa-çıxa da düşünürəm:"Yer üzündə Vətəndən əziz elə bir də Vətəndir". Qar necə qarşılayıbsa, elə də yola salır. Qar dənələri maşının pəncərələrindən asılıb sayrışır, parıldayır, pıçıldaşır:

- Gedirsən, hə... Gedirsən...

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər