Bu günlərdə İctimai TV-nin çəkiliş qrupu Şuşada ustad sənətkar Sadıqcanın malikanəsindən hazırladığı verilişi izlərkən sevinc qarışıq kövrək hisslər qəlbimizə hakim kəsildi. Azərbaycan tarını təkmilləşdirən usdad sənətkar Sadıqcan və dünya şöhrətli alim Mir Möhsün Nəvvabın nəticəsi Elçin Sadıqov 30 illik həsrətdən sonra özünün də doğulub boya-başa çatdığı, dağıdılmış, viran edilmiş evlərinin daşına-torpağına sığal çəkirmiş kimi toxunaraq uşaqlıq illərini yada salıb dedi ki, mən 1965-ci ildə bax, bu evdə doğulmuşam. O, ot-ələb basmış həyətdə dayanıb, malikanənin olmayan qapısını göstərib dedi ki, bu qapıdan biz evə çıxırdıq, pəncərələr bizə aid idi. Atam da, atamın atası da, mən də bu evdə doğulub böyüyüb boya-başa çatmışıq. Elçin Sadıqov sonra ulu babaları haqqında qısa danışır: Sadıqcan öz dövrü üçün, lap əvvəllər oxuyan olub, yaxşı səsi olub, musiqiyə çox həvəsli olub. Sonra səsi itdiyi üçün tara həvəs göstərib. Tar həmin dövr üçün diz üstündə çalınan şərq aləti olub. Sadıqcan tarı sinəyə qaldırıb, sinəyə qaldırandan sonra ona muğamat pərdəsi əlavə edib, müəyyən simlər artırıb, bir növ demək olar ki, tarı təkmilləşdirib. O, bax bu balkonda oturub tarı o qədər məlahətlə çalırmış ki, bülbül gəlib tarın qoluna qonurmuş. E.Sadıqov daha sonra Sadıqcanla Mir Möhsün Nəvvabın qohumluq əlaqələrindən söhbət açaraq deyir ki, Mir Möhsün Nəvvab “Məclisi-fəramuşan”, “Məclisi- xanəndə” adlı musiqi məclislərinə rəhbərlik edirmiş. Mir Möhcün Nəvvabın apardığı məclislərə Sadıqcan da musiqişünas kimi dəvət olunurmuş. Həmin vaxtlar Mir Möhsün Nəvvabla Sadıqcanın o qədər yaxın yoldaşlıqları olub ki, Sadıqcan oğlu Bahadıra Mir Möhsün Nəvvabın qızı Pərizaman xanımı alıb. Ona görə də bunlar hər ikisi mənim ulu babalarımdır. Sadıqcan ata babam, Mir Möhsün isə ana babamdı. Sadıqcanın oğlu Bahadır, Bahadırın oğlu Rəhim, Rəhimin oğlu Elçin, Elçinin oğlu Afər, mən də nəticəsiyəm. Biz hamımız bu binada doğulmuşuq, yaşamışıq. O, əlavə edib ki, bu evin pəncərələri 1 metr 20 s. divar idi. Uşaqılığım demək olar ki,bu pəncərələrdə oynamaqla keçib. Həmin bu məhcərlər, elə o vaxtdan qalandır. Demək olar ki, bir dənə salamat qalan elə bu pəncərələrindəki məhcərlərdir, qalan hər şer darmadağın olub. 27 yaşıma qədər mən burada yaşamışam. Umedinli deyilən məhəllə vardı, Şuşada, həmin o 17 məhəllənin biri də buraydı, “Şirin su” hamamı da bizim məhəllədə yerləşir. O vxtlar kəndin yaşlı adamlar deyirdilər ki, kimsə qoz ağacı əksə, onun məhsulun yeyə bilməz. Amma mən buna baxmyaraq əkdim. Həmin qoz ağacı görün necə böyüyüb, hələ bar da gətirib,- deyərək ağaca yaxınlaşıb yarpaqlarına toxunur və bir neçə qoz qırıb söhbətini davam etdirir. Qəhər boğazına tıxanır, həyacanlanır, kövrələrək deyir, qismətimdəymiş ki, gəldim bura, bu qozdan qırdım. Şuşada hardan bir qoz qırıb yesəniz, görərsiniz ki, onun dadı tamam başqadır, meyvələri də həmçinin. Çünki buranın ab-havası elədir ki, mən deyərdim, dünynın heç bir yerində belə qeyri-adi gözəllik, təmiz hava yoxdur. Buranı gəzdikcə uşaqlıq illərim yadıma düşür, 30 il bu dədə-baba yurduna ayağımız dəymədi, Şuşa həsrətiylə yaşadıq. Şükürlər olsun ki, bu gün burdayam. İndi bu meyvələrdən dadanda burda yaşadığımız illər kino lenti kimi bir-bir gözlərimin önündən gəlib keçdi.
Elçin Sadıqov daha sonra əlavə edir ki, demək olar ki, bizim məhəllədə bir dənə də salamat ev qalmayıb. Mən özüm Şuşanı ən son tərk eləyənlərdən biri idim. Ermənilər Şuşanı işğal edənədək mən orada vuruşmuşam. Biz 1992-ci ildə Şuşanı tərk eləyib çıxanda anam da, atam da sağ idi,bu gün isə onlar həyatda yoxdu, amma Şuşa yerindədir. Elə bilirəm ki, atam da, anam da sağdır. Çünki atam da həmişə Şuşanın eşqi, həsrətiylə yaşayırdı. Əgər, bu gün Şuşa bizdədirsə, demək, onların ruhları da şaddır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İnanıram ki, Şuşa əvvəlkindən də daha gözəl bir şəhərə çevriləcək.
Hazırladı: Tahirə AĞAMİRZƏ