“The Wall Street Journal” nəşrində azərbaycanlı oxucu Nurlan Mustafayevin erməni müəllif Simon Maqakyanın martın 25-də dərc olunmuş məqaləsinə oxucu rəyi dərc olunub.
“Ermənistan Qarabağdan geriyə heç nə buraxmayıb“ adlı yazıda müəllif Ermənistanın Azərbaycan ərazilərində törətdiyi dağıntı və mədəni irsin məhvinə diqqəti yönəldib. Qeyd edilib ki, erməni işğalı altında olan ərazilər nəinki tikililər və yaşayış məskənləri, eləcə də maddi-mədəniyyət irsindən tamamilə məhrum edilib və onlar dağıdılıb.
Yazıda diqqətə çatdırılıb ki, S.Maqakyan məqaləsində Ermənistanın Azərbaycanın mədəni irsinə vurduğu ziyanı əslində etiraf edir, lakin sistematik silinməyə, ələlxüsus da dövlət tərəfindən maliyyələşdirilən məhvedilməyə dair heç bir sübutun olmadığını iddia edir.
N.Mustafayev qeyd edir ki, o özü 1993-cü ildə 10 yaşı olanda doğulduğu Füzuli rayonu Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində şəhərin bütün infrastrukturu mədəni irsi ilə birlikdə məhv edilib. 1992-93-cü illərdə öz yurd-yuvasından qaçmaq məcburiyyətində qalan 750 minə yaxın azərbaycanlının əvvəllər məskunlaşdığı ərazilərdə Ermənistanın işğalı zamanı demək olar ki, bütün bina və tikililər dağıdılıb: “Dəymiş zərərin miqyasını nəzərə alsaq, bunun sistemli və dövlət siyasətindən başqa bir şey olduğuna inanmıram. İndiyə qədər Ermənistan nə üzr istəyib, nə də təzminat ödəyib”.
Londonda yerləşən “Henri Cekson Cəmiyyəti” beyin mərkəzinin elmi tədqiqatçısı Taras Kuzio da mövzu ilə bağlı öz mövqeyini bildirib. O qeyd edir ki, istər sovet, istərsə də erməni işğalı zamanı Qarabağda mədəni irsin məhv edilməsi həyata keçirilib. 2020-ci ildə Azərbaycan işğala son qoyduqdan sonra indi bu vəziyyətə son qoymaq şansı yaranıb. İlkin olaraq UNESCO-ya bərpa üçün tövsiyələr vermək hüququ verilməlidir. Azərbaycan təşkilatın missiyasını qəbul etməyə hazır olduğunu bəyan edib. Ermənistanın özü də müvafiq qarşılıqlı addımı atmaqla bağlı qərarını verməlidir. (AZƏRTAC)