20.11.2025, 03:39
AZ EN
04.11.2025, 09:47 274

Bu gün şəhid İntiqam Səfərovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Səfərov İntiqam Əlihüseyn oğlunun doğum günüdür. O, 4 noyabr 1998-ci il Rusiya Federasiyasının Saransk şəhərində anadan olub. İntiqam Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015- ci ildə orta təhsilini başa vurub. Elə həmin il 13 nömrəli Bakı Peşə Məktəbinə qəbul olunub və 2016- ci ildə “Kompyüter operatoru” peşəsini müvəffəqiyyətlə bitirib. Tədris ili ərzində İntiqam ağıllı, tərbiyəli, vətənpərvər və nümunəvi tələbə olub. Gözəl rəsm əsərləri ilə həmişə məktəb tədbirlərində fərqlənib. Məktəbdə keçirilən “ Xocalı Elegiyası” adlı tədbirdə çəkdiyi rəsm əsəri I yerə layiq görülüb.

2020-ci ildə hərbi xidmətə yola düşüb. O, 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edib, Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi uğrunda mərdliklə döyüşərək şücaətlər göstərib.

Səfərov İntiqam Əlihüseyn oğlu 6 oktyabr 2020-ci il tarixində Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Səfərov İntiqam Əlihüseyn oğlu Maştağa kəndində yerləşən Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İntiqam Səfərov ölümündən sonra "İgidliyə görə", " Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər