Qarabağ və Şərqi Zəngəzurda kiçik və orta biznesin inkişafına kömək 10 ilədək vergi və gömrük güzəştləri, subsidiyalaşdırılan kreditlər, aşağı icarə haqları və infrastrukturlar (sənaye zonaları) vasitəsilə dəstəklənir. Bu dəstək məskunlaşma yerlərində dayanıqlı iqtisadiyyatın qurulmasına yönəlib. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlər, həmçinin kredit faizlərinin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmi tətbiq olunur. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) yerli ofisləri biznes layihələrinin hazırlanmasında biznes subyektlərinə xidmət göstərir. Ağdam və Cəbrayıldakı sənaye parklarında yaradılmış logistik infrastruktur, elektrik, su və aşağı icarə haqqı təklif olunur. KOBİA-nın bölgədəki nümayəndəlikləri investisiya imkanları barədə məlumatlandırma və biznes-planların qurulması xidmətlərini göstərir. Belə tədbirlər məqsədli şəkildə kənd təsərrüfatı, tikinti və xidmət sahələrinin inkişafına, həmçinin yerli məskunlaşmanın təşviqinə xidmət edir.
İşğaldan azad edilmiş ərazilərdə kiçik biznes və sahibkarlığa dəstək İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumlar, xüsusilə KOBİA vasitəsilə kompleks şəkildə təşkil edilir. Əsas məqsəd regionun iqtisadi potensialını canlandırmaq və əhalinin məşğulluğunu təmin etməkdir. Bu ərazilərdə fəaliyyət göstərən sahibkarlar 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə bir sıra vergilərdən azad edilmişdir. Buraya divident və mənfəət gəlirləri, əmlak, torpaq və sadələşdirilmiş vergidən tam azadolmalar da daxildir. Həmçinin istehsal sahələri üçün texnika, avadanlıq, habelə xammal və materialların idxalı ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Üstəlik, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə maliyyə əlçatanlığı təmin edilir. Bank kreditlərinə 90 faizədək dövlət zəmanəti verilir.
Azad olunmuş ərazilərdə kredit faizlərinin bir hissəsi dövlət tərəfindən qarşılanır. İstehsalçı sahibkarların hər ay istifadə etdiyi kommunal xidmətlərin (işıq, qaz, su) iyirmi faizi dövlət tərəfindən ödənilir. Sahibkarların xərclərini azaltmaq üçün sosial sığorta haqları üzrə stimullar tətbiq olunur. Muzdlu işçisi olmayan fərdi sahibkarların ödədiyi məcburi dövlət sosial sığorta haqları 10 il müddətində 100 faiz subsidiyalaşdırılır. Muzdlu işçilər üçün isə subsidiya faizləri 2026-cı ildən başlayaraq pilləli şəkildə 80, 60, 40 faiz səviyyəsində tətbiq ediləcək.
Xatırladaq ki, hər iki bölgədə kiçik biznes və sahibkarlığa dəstək proqramı Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı əsasında Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli qərarı ilə müəyyən edilib. Gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq həmin torpaqların həcminin müəyyən edilməsi, habelə müvafiq yaşayış məntəqələri salındıqca onların inzibati ərazi sərhədləri daxilində səmərəli parselləşdirilməsi və zəruri infrastrukturla (suvarma, meliorasiya, elektrik və s.) təmin edilməsi diqqət mərkəzindədir. Növbəti mərhələdə əlverişli və şəffaf sahibkarlıq mühitinin yaradılması məqsədilə torpaqlara investorların cəlb olunması, habelə torpaqların kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrində məskunlaşmış sakinlərin istifadəsinə verilməsi planlaşdırılıb. Eyni zamanda Qərarda torpaqların birillik əkinlər və yonca əkinləri üzrə ilkin olaraq 2 il, çoxillik əkmələr üzrə 5 il müddətinə icarəyə verilməsi nəzərdə tutulur. Müəyyən edilmiş müddətlərin sonunda isə torpaq sahələrindən icarə müqaviləsinə uyğun istifadə olunduğu təsdiqini taparsa birillik əkinlər və yonca əkinləri üzrə icarəyə verilən torpaqların icarə müddəti 3 il müddətinə, çoxillik əkmələr üzrə icarəyə verilən torpaqların icarə müddəti isə 15 il müddətinə uzadılır.
Həmin torpaqların icarə haqlarına güzəştlər Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” qərarına əsasən icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanır. Qərarın qəbulu kənd təsərrüfatı təyinatlı torpaqlardan və su resurslarından səmərəli istifadə edilməklə regionda kənd təsərrüfatının inkişafına töhfə veriləcək, dayanıqlı məskunlaşmanın təmin edilməsinə və məşğulluğun yaradılmasına imkan yaradacaq.
Röya SALMANQIZI