21.11.2025, 15:09
AZ EN
21.11.2025, 12:27 128

Tezliklə Ağdam şəhərinə ilk köç olacaq...

QARABAĞ
  • Nəhayət ki, o tarixi an yaxınlaşır. Bir vaxt adı dillər əzbəri olan Ağdam şəhərinə tezliklə ilk köç olacaq. Bunu Asan TV-nin “Ağdam-2025” layihəsində Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

E.Hüseynov söyləyib ki, Ağdam şəhəri yeni layihə üzrə 11 məhəllədən ibarətdir, burada 66 bina tikilməsi nəzərdə tutulmuşdu. Onlardan 6-sı qeyri-yaşayış binasıdır. Binalar 4, 5, 6, 7 mərtəbəli olmaqlahər biri 6 blokdan ibarətdir. Mənzillər minimum 1, maksimim 5 otaqdan ibarətdir. Yaşayış kompleksində hardasa 100-dən çox birotaqlı mənzil var. Bu da araşdırmalara əsasən 30 illik vaxt ərzində bəzi ailələrdə müəyyən səbəbdən tək qalan insanlarla bağlıdır. Hər bir məhəllənin girəcəyində yeraltı qaraj tikilib.

Ağdam şəhərinə ilkin mərhələdə 1268 ailənin köçürüləcəyi nəzərdə tutulub. E.Hüseynov bildirib ki, əslində, hazırkı yaşayış binalarının 1 il 6 ay ərzində inşası nəzərdə tutulmuşdu. Ancaq Qarabağda, xüsusilə də Ağdamda çalışan şirkətlər, insanlar işə canlarını qoyurlar, elə həvəslə, ürəklə çalışırlar ki, binanı vaxtından əvvəl təhvil verməyə nail olurlar. Hazırda burada son tamamlama işləri gedir.   

Səlahiyyətli nümayəndə qeyd edir ki, köç zamanı ilk növbədə ən çox çətin şəraitdə yaşayanlar nəzərə alınır. Bunlar o insanlardır ki, dövlət tərəfindən mənzillə təmin olunmayıblar. Ümumiyyətlə, doğma torpaqlara köç ardıcıllıqla həyata keçirilir. Burada əsas amil məcburu köçkün statusunun olmasıdır. Bütün bu işlərlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məşğuldur. Burada infrastruktur yarandıqca hətta köçkün kimi qeydiyyatı olmayan vətəndaşlar da gələcəkdə doğma torpaqda ev ala biləcəklər.

E.Hüseynov onu da bildirib ki, hər bir mənzil tam təmir olunub, mətbəx və sanitar qovşaqları da tam təchiz edilib.

Burada həm də sevindirici hal odur ki, binaların tikintisində Ağdam Sənaye Parkında istehsal olunmuş materiallardan da istifadə edilir. E.Hüseynov binada əlini tutduğu mühəccərlərin də yerli istehsal olduğunu vurğulayıb. O bildirib ki, burada binalar mərkəzi İstilik sistemi ilə təmin edilərək, müasir otellərdə olduğu kimi, artıq istilik sahəyə görə deyil, sərfiyyatla ölçüləcək.  

Binaların birinci mərtəbələri qeyri-yaşayış obyektləri olacaq ki, özəl sektor nümayəndələri bu obyektlərdən istifadə etmək arzusunda olacaqlar. Onlar müvafiq müqavilə əsasında artıq öz zövqləri ilə şəhərsalma tələblərinə riayət edərək işlərini quracaqlar...

Ağdama köçəcək əhalinin demək olar ki, əyləncə və istirahət zonaları, idman meydançaları, el arasında “söhbətgah” dediyimiz yerlərə qədər onların ixtiyarına veriləcək.

Mina RƏŞİD

Oxşar xəbərlər