Daha bəsdir gözlədim,
İndi çox səbirsizəm.
Bu gün Qisas günüdü
Poladam, Mübarizəm!
Bu gün Vətən müharibəsi qəhrəmanlarından biri Aqil Faiq oğlu Əliyevin anım günüdür. O, 1999-cu il yanvarın 10-da Tovuz rayonunun Pələkli kəndində anadan olub. 2005-2013-cü illərdə V. Rəhmanov adına Pələkli kənd tam orta məktəbində təhsil alıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmət etməyə başlamışdı.
Aqil Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə böyük həvəslə qatıldı. Çünki o, bu müharibəyə çoxdan hazır idi. Tovuz döyüşlərinin iştirakçısı olan igid əsgər general Polad Həşimovun şəhadətə ucalmasından sonra onun heyifini düşməndən alacağına özünə söz vermişdi. Odur ki, yolum Mübariz, Polad yoludur, deyən Aqil Vətən müharibəsində şücaətlər göstərdi. Döyüş tapşırıqlarını xüsusi bir bacarıqla və cəsarətlə yerinə yetirərək düşmənə qan uddurdu.
2020-ci il oktyabrın 15-də Aqil Əliyev Suqovuşan uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhadətə yüksəlib.
Şəhidimiz doğulub boya-başa çatdığı Tovuz rayonunun Pələkli kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Aqil Əliyev ölümündən sonra Müzəffər Ali Baş Konandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Aqil Vətən uğrunda şəhadətə ucalanda onun 21 yaşı vardı.
Məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Şəhidim!
Mina RƏŞİD