27.10.2025, 00:14
AZ EN
13.10.2025, 07:30 278

Qarabağda Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər həftəsi” keçirilir

XƏBƏRLƏR
  • Oktyabrın 11-də Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər həftəsi" başlayıb. Layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə reallaşır. Əsas məqsəd gənclərin milli kimlik və vətənpərvərlik şüurunun gücləndirilməsi, tarixi-mədəni irsimizə, milli-mənəvi dəyərlərə bağlılıqlarının artırılmasıdır.

“Mənəvi dəyərlər həftəsi" çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Füzuli rayonunun Qaraxanbəyli kəndində Vətən müharibəsinin ilk döyüşlərinin baş verdiyi əraziyə baş çəkib, burada şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. İştirakçılar daha sonra Zəngilan və Cəbrayıl rayonlarında olublar. Zəngilan şəhər məscidini ziyarət zamanı onlara məscidin tarixi, işğal dövründə üzləşdiyi dağıntılar və işğala son qoyulduqdan sonra aparılmış bərpa işləri ilə bağlı ətraflı məlumat verilib. Daha sonra tələbələr Cəbrayıl rayonunda Xudafərin körpüsü ilə tanış olublar. Azərbaycan xalqının tarixinin və mədəni irsinin dəyərli bir hissəsi olan bu memarlıq abidəsinin milli yaddaşımızda xüsusi yer tutduğu vurğulanıb.

Tələbələr ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində yerləşən bir sıra tarixi, dini və mədəni abidələri də ziyarət ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, yaşayış infrastrukturunun yenidən qurulması, məscidlərin, ziyarətgahların və digər dini-mədəni obyektlərin restavrasiyası barədə məlumat alıblar.

Qeyd edək ki, “Mənəvi dəyərlər” həftəsi çərçivəsində həmçinin, Qarabağ Universitetində “Mənəvi dəyərlər günü" keçiriləcək, Xocalı rayonunun Ballıca kəndində Azərbaycan İlahiyyat İnstitutu və Qarabağ Universitetinin tələbələrinin birgə iştirakı ilə ağacəkmə aksiyası təşkil ediləcək.

Layihə iştirakçıları Laçında olacaq, Ağdam Şəhidlər Xiyabanını, Əsgəran qalasını, eyni zamanda Ağdam “Cümə” məscidini, Ağdam İmarət Kompleksini və Bərdə rayon “İmamzadə” məscidini ziyarət edəcəklər.(AZƏRTAC)

Oxşar xəbərlər