25.04.2025, 02:57
AZ EN
12.10.2022, 16:15 345

Dünyanın ən varlı şəhəri - Ağdam

XƏBƏRLƏR
  • Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad Məcid dünən özünün Feysbuk səhifəsində doğma Ağdamla bağlı status paylaşıb. Həmin statusu təqdim edirik.

Ağdamda gözüyumulu hər yeri tapa bilərəm, amma gözüaçıq mümkün deyil.

Bunu işğaldan azad olunandan sonra Ağdama ilk dəfə gedəndə demişdim. Amma indi, ikinci dəfə gedəndə əzbər bildiyim , səkisinin, asfaltının hər çökəyinə, hər döngəsinə, tininə bələd olduğum küçələrdən əsər- əlamət qalmadığını görəndə düşündüm ki, heç gözüyumulu da tapa bilmərəm.

Küçələr büzüşüb kol basmış cığıra dönüb, səkiləri dəmir boruları çıxartmaqdan ötrü qazıq-qazıq edib yarğana çeviriblər.

Uşaqlığımız keçən dörtmərtəbənin yerində ancaq daş qırıntıları qalıb.

Vaxtilə Köhnə hamam məhləsi deyilən, Əli İbrahimov küçəsi adlanan, indi kol- kos içində itib batan çöllükdən fəhmlə tapdığımız çığırla yaşadığımız döngəyə burularkən birdən hiss etdim ki, dünyada cəngəl basmış küçəylə gedib öz evini tapa bilməmək qorxusu da varmış. Bir nişanəsi qalırmı görəsən?

Evimizi qalın divarlarının qalıqlarından tanıdım. Köhnə, pas tutmuş əşyalar xatirələri canlandırdı.

Dostum Vaqifgilin evi isə əksər evlər kimi yerlə birdi. Nə divarı, nə başqa nişanəsi var. Vaqif evlərini kafel qırıntılarından tanıdı…

Sarsıntı içində, düşmənə lənət oxuya-oxuya dolaşdıq doğma şəhərimizin uçuqlarını. Oxuduğumuz məşhur Ağdam şəhər 1 nömrəli orta məktəbin uçuqları arasında gəzib dolaşdıq, keçmişi, uşaqlığımızı, sinif yoldaşlarımızı, müəllimlərimizi yada saldıq, gələcək Ağdamı xəyal etdik.

“Dünyanın ən varlı şəhəri!”

“Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim!”

“Ruhlar şəhəri”

İstedadlı şair  Əlirza Həsrət isə öz Feysbuk səhifəsində “Ağdamdakı dağılmış yurdunu ziyarət edən Rəşad Məcidin foto görüntüləri kimi ağlatmaz ki?...Qəzan mübarək, Rəşad Məcid!” yazıb və ona həsr etdiyi “Qalmayıb ki..” adlı şeirini paylaşıb.

Can, ay Rəşad, bu nə yurddu,

Daş üstə daş qalmayıb ki.

Halını xəbər almağa,-

Yurdda yaddaş qalmayıb ki...

 

Yaranı hardan bağlayım,

Düşmənin bağrın dağlayım.

Dedim, hönkürüb ağlayım,

Gözümdə yaş qalmayıb ki.

 

O uzanan nə yoludu,

Elə qəribdi, uludu.

Ürəyin ahla doludu,

Qucağın boş qalmayıb ki.

 

Baş açmır çoxu tarixdən,

Hər şeyi yuxu tarixdən.

Viran olmuş bu tarixdən,-

Bizə sirdaş qalmayıb ki?!..

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər