25.04.2025, 13:40
AZ EN
01.06.2023, 21:10 297

Azərbaycanın Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd edilib

XƏBƏRLƏR
  • Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ölkəmizin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Qəbulda İspaniya Hökumətinin yüksəkvəzifəli rəsmiləri və parlamentinin üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, Madrid şəhər bələdiyyəsinin nümayəndələri, eləcə də bir sıra düşüncə mərkəzləri və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, mötəbər media təmsilçiləri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Ramiz Həsənov 105 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və keçdiyi yoldan danışıb, müsəlman dünyasında ilk demokratik ölkə kimi tarixi əhəmiyyətindən söz açıb.

Səfir, həmçinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji xəttin bu gün müasir və müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən, sosial-iqtisadi inkişafından bəhs edib.

İspaniya Krallığının Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu vurğulayan Ramiz Həsənov iki ölkə arasında çoxşaxəli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Səfir yaxın gələcəkdə Azərbaycan və İspaniya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə ikitərəfli münasibətlərimizin daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd edib.

Vurğulanıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Qarabağın sürətlə və qabaqcıl texnologiyalar əsasında yenidən qurulması üçün bütün imkanlarını səfərbər edərək azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını özündə ehtiva edən “Böyük Qayıdış” proqramı həyata keçirir.

Daha sonra, tədbirin bədii hissəsində bir çox beynəlxalq müsabiqələrin laureatı olmuş azərbaycanlı Əməkdar artist, gənc pianoçu, dirijor və bəstəkar Turan Manafzadə klassik və milli musiqi əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Konsert tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Qonaqlar, həmçinin Azərbaycan milli mətbəxinin ən ləziz təamlarından dadıb, Azərbaycanın mədəniyyətini və turizmini təbliğ edən broşürlərlə tanış olublar. Tədbir boyunca Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi, o cümlədən füsunkar Qarabağ və Şuşa haqqında videoçarxlar da nümayiş olunub.

Xüsusilə qeyd edilməlidir ki, rəsmi qəbulun ardınca səfirliyin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi simvollarından hesab olunan “Cibeles” fəvvarəsi ilk dəfə olaraq Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. ("AZERTAC")

Oxşar xəbərlər