22.11.2024, 12:42
AZ EN
12.10.2022, 15:25 594

Oğuzda Vətən müharibəsi şəhidinin adına lövhə qoyulub

XƏBƏRLƏR
  • Elçin 2020-ci il noyabrın 8-də Şuşada şəhid olub. Şəhadətə yüksələndə də cibində - ürəyinin üstündə Azərbaycan bayrağı var idi. Vətənə məhəbbəti o qədər böyük idi ki, qəlbinin son çırpınışları belə üçrəngli bayrağımız üçün oldu. Həmin bayrağı indi də mən üzərimdə gəzdirir, bununla oğlumun ürək döyüntülərini, nəfəsini yaxından hiss edirəm.

Bunu  müsahibəsində anası Xatirə İsmayılova deyib.

Şəhid Elçin Həsənli müəllim ailəsində dünyaya göz açıb. O, lap kiçik yaşlarından Vətənə məhəbbət, xalqa sədaqət hissləri aşılanaraq böyüdülmüş, atdığı hər addıma aldığı tərbiyəni yansıtmışdı.

X.İsmayılova sözlərinə belə davam edib: “Onun cəmiyyətə faydalı bir fərd kimi yetişməsi üçün əlimizdən gələni etdik. Həm təhsil alıb Vətənə, xalqa layiqli xidmət etməyin, həm də Vətənin dar günündə silaha sarılmağın vacibliyini lap kiçik yaşlarından aşıladıq. O, həm orta məktəbi, həm ali məktəbin bakalavr və magistratura pillələrini uğurla başa vurdu. 2018-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantura pilləsinə daxil olmuşdu. Bir neçə elmi məqalənin müəllifi idi. Elçin, eyni zamanda, İtaliyanın paytaxtı Roma şəhərinin Uninetuno Telematuka Universitetində təhsil kursu keçmiş, sertifikat almışdı.

O, “Azərbaycanda Distant təhsil” layihəsinin ilk təsisçilərindən biri idi. Elçinin 27 illik həyatı rəngarəng və faydalı əməllərlə dolu oldu. O, təkcə biliklərə yiyələnmək sahəsində deyil, Vətənin mühafizəsi sahəsində də layiqli xidmət göstərdi. 2014-2015-ci illərdə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçdi. Xidmətini layiqincə yerinə yetirdiyinə görə hərbi hissənin komandiri, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidov tərəfindən Fəxri fərmanla mükafatlandırıldı və bizə təşəkkür məktubu göndərildi. Elçin atdığı hər addımda bizi qürurlandırır, başımızı uca edirdi. Elçin çox həssas idi, ermənilərin törətdikləri təxribatlar, xalqımızın başına gətirdikləri hadisələr onda dərin iz buraxmışdı. Şəhid xəbərlərinə çox emosionallıqla yanaşırdı. Deyirdi düşmənlə üz-üzə xidmət etmək, əmr verilərsə, döyüşmək istəyirəm. Hərbi xidmət dövründə o zamanlar ön cəbhə hesab olunan Füzuli rayonunda xidmət edəcəyini biləndə sevinmişdi. Lakin onun döyüşmək istəyi ürəyində qalmışdı. Tovuz hadisələri zamanı general-mayor Polad Həşimov və digər hərbi qulluqçularımızın şəhid olması Elçini o qədər sarsıtmışdı ki, bir yerdə qərar tuta bilmirdi. Həmin vaxt hərbi komissarlıqlara üz tutanlardan biri də Elçin oldu. Müharibə başlayanda isə döyüşə sevinə-sevinə getdi. Bilirdim ki, Elçin bu dəfə də bizim üzümüzü ağ edəcək. O, gözlədiyimizdən də artığını elədi...”.

Xatirə xanım deyir ki, Elçin mərdliyi, sədaqəti, dostluğu ilə seçilir, qısa müddətdə onu tanıyanların rəğbətini qazana bilirdi. Vətən müharibəsində də yüksək insanı keyfiyyətləri və qorxmazlığı ilə döyüş yoldaşları arasında hörmət qazanmışdı: “Vətən müharibəsi dövründə Elçinin döyüş yolu Füzuli, Cəbrayıl, Qubadlı və Şuşadan keçdi. Yadımdadır, polkovnik Şükür Həmidov şəhid olanda Elçin necə təsirlənmişdi. O, vaxtilə Elçinin hərbi hissə komandiri olmuşdu. Ondan o qədər ağzıdolu danışırdı ki. Qubadlı azad olunandan sonra Elçin nisbətən özünə gəlmişdi. Deyirdi “Şükür Həmidovun ruhu şad oldu, çünki onun ata-baba yurdu əsarətdən xilas edildi. Kaş özü də Qubadlının azad olunduğunu görə bilərdi. Qubadlı uğrunda döyüşdü, amma azad olunduğunu görmək nəsib olmadı. Lakin onun qanı yerdə qalmadı, mən də onun qarşısında borcumu yerinə yetirdiyimə görə ürəyim az da olsa, rahatdır”.

Elçin Şuşanı görməyi çox istəyirdi. İstəyinə nail ola bildi. Şuşa uğrunda döyüşdü, onun uğrunda da şəhid oldu. Noyabrın 8-i mən həm Elçinin şəhadət gününü, həm də pay sahibi olduğu Zəfər Gününü qeyd edirəm. Şəhid olanda sinəsi üzərində onun ətri çökmüş üçrəngli bayrağımız var idi. İndi onun əmanətini mən yaxamın üzərində gəzdirirəm. Elçinin həyatı bütöv Azərbaycan gəncliyinə bir nümunədir. O, Vətənin dar günündə illərini, əməyini, təhsilini, işini və karyerasını Vətənə düşünmədən qurban verməyi bacarmış əsl Azərbaycan gənci, Vətən qəhrəmanıdır. Mən bir ana kimi övladımla fəxr edirəm”.

Xatırladaq ki, Vətən müharibəsi şəhidi Həsənli Elçin Vaqif oğlu ölümündən sonra, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

O, Xırdalanda yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

AZƏRTAC

Oxşar xəbərlər