Anası deyir ki, mən əvvəldən bilirəm övlad itkisi nə deməkdi, çünki, qardaşımı Birinci Qarabağ müharibəsində itirmişəm, o itkin düşüb.
Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Yusif Elton oğlu Nəbiyevin doğum günüdür. O, 27 may 2002-ci ildə Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Yusif Nəbiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Yusif Nəbiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Yusif Nəbiyev 9 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz dünyaya göz açdığı Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yusif Nəbiyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Döyüşdə fərqlənməyə görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Yusif balamız!
Mina RƏŞİD