Atası Etibar Allahverdiyev də oğlu ilə fəxr elədiyini söyləyir: -“Süleyman çox namuslu, qeyrətli oğul idi. Bütün şəhidlər bizim balamızdı. O, heç Ağdamı görməmişdi. Ağdamın işğalından 3 il sonra dünyaya gəlmişdi. Heç ağlıma gəlməzdi ki, Süleyman kimi oğullar böyüyər, gedib torpaqlarımızı azad edərlər. Onlar bizim alnımızdakı qara ləkəni sildilər”...
Süleyman Etibar oğlu Allahverdiyev 1996-cı il sentyabrın 22-də Bərdə rayonunda anadan olub. O, əslən Ağdam rayonunun Xıdırlı kəndindəndir. Süleyman 2002 ci ildə Bərdə rayonundakı 67 nömrəli Ağdam köçkün məktəbinə daxil olub və 2014-cu ildə bitirib. S.Allahverdiyev Aprel döyüşləri zamanı hərbi xidmətdə olarkən Lələtəpə uğrunda gedən savaşlarda iştirak edib.
Azərbaycan ordusunun əsgəri Süleyman Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində mərdliklə savaşıb. O, Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib. İgid əsgər oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün onun doğum günüdür. Ruhun, şad olsun, şəhid Süleymanım!
Mina RƏŞİD