16.07.2025, 09:01
AZ EN
15.07.2025, 18:40 108

Qazaxda “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimat mərasimi olub

XƏBƏRLƏR
  • Qazax Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar adlı kitabın I cildinin təqdimat mərasimi keçirilib.

Qazax Ədəbiyyat Muzeyində keçirilən təqdimat mərasimində “Qərbi Azərbaycan irsi” kitabının I cildinə həsr edilmiş videoçarx nümayiş olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Səməd Seyidov, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri Barat Vüsal və digərləri çıxış edərək bildiriblər ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atır. “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” bu istiqamətdə strateji yol xəritəsidir və uğurla icra olunur. O qeyd edib ki, təqdimatı keçirilən “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” kitab tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən qiymətli mənbədir.

Çıxışlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. Azərbaycan, ingilis və rus dillərində nəfis tərtibatla çap edilən nəşrin 5 hesabatdan ibarət olması nəzərdə tutulub.

Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur. 

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər