Döyüş yoldaşları deyirlər ki, Rəşadın gitarada ifa etdiyi mahnılar hələ də qulağımızdadır. Onun arzusu o idi ki, müharibədən sonra Qarabağda öz gitarası ilə kiçik bir konsert versin.
Anası deyir ki, mən oğlumu yaxşı tanımamışam. Elə bilmişəm uşaqdı, amma indi döyüş yoldaşları, komandirləri ondan danışanda anladım ki, Rəşad çox böyüyübmüş...
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Ağayev Rəşad Rövşən oğlunun doğum günüdür. O, 2 iyul 2000-ci ildə Bakı şəhərində anadan olub. İki bacının yeganə qardaşı idi. Binəqədi rayon 283 nömrəli tam orta məktəbdə təhsil almışdı. 7 nömrəli Peşə liseyində 2 il təhsil aldıqdan sonra Step Akademiyasına qəbul olunub və təhsilini proqramist dizayner kimi başa vurmuşdu. Rəşad tələbəlik illərində tədbirlərdə çox aktiv iştirak edirdi. Həmin dövrdə o rəqslə, gitarada ifa edib oxumaqla, həm də idmanla məşğul olub.
Rəşad Ağayev 4 iyul 2019-ci ildə Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsəyə müddətli hərbi xidmətə yollanıb.
O, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində döyüşlərə qatılıb. O, 2020-ci ilin iyul döyüşlərində Tapqaraqoyunluda, Talış yüksəkliyində və Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə də fəal iştirak etmişdi. Rəşad döyüşdə yaralanmasına baxmayaraq, ön cəbhədən geri qayıtmamışdı.
2020-ci ilin oktyabrın 16-da Rəşad Ağayev Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 17-də ailəsinə şəhid xəbəri gəlib, bir gün sonra isə Biləcəri qəbiristanlığında böyük izdiham və ehtiramla dəfn olunub.
Azərbaycan Prezidentinin müvafiq sərancamlarına əsasən Rəşad Ağayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Rəşad balamız!
Mina RƏŞİD