Rövşən 2012-ci ildə məzun olub. 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti zamanı PK silahının baş tuşlayıcısı kimi də seçilib. 2015-ci ilin yanvarında Ağcəbədi və Ağdamda N saylı hissədə həqiqi hərbi xidmətini başa vurduqdan sonra doğma kəndlərinə qayıdıb və təsərrüfatla məşğul olmağa başlayıb.
2016-cı il Aprel döyüşləri başlayanda Rövşən könüllü olaraq vuruşmağa hazır idi. O vaxtdan da adı könüllülər cərgəsində idi. Bacısı Aytacın sözlərinə görə, Rövşən Aprel döyüşlərinə qatılmağa çalışıb, sadəcə döyüşlər tez bitib: "O gündən həyəcanlı idi. Müharibə başlayacağını, şəhid olacağını sanki hiss edirdi. Mütləq müharibə olacaq, torpaqlarımızı azad edəcəyik. Şəhid olmaq hamıya nəsib olmur, mənə nəsib olacaq, -deyirdi”.
İkinci Qarabağ Savaşı başlayan gündən Hərbi Komissarlığa dəfələrlə müraciət edib. Nəhayət savaşa qatılıb.
Rövşənin əmisi Zərxan müəllim söyləyir ki, ona tarixdən dərs demişəm. Tariximiz onu narahat edirdi. Qarabağ mövzusundan danışanda isə lap həyacanlanırdı. Münasibəti çox fərqliydi. Yəni, müəllim kimi deyirəm bunu. Bir də görürdün sual verir ki, niyə biz döyüşüb torpaqlarımızı düşməndən azad etmirik. Edəcəyik, deyirdim. Vətən doğulduğu eldən-obadan başlayır sərhədlərdə qurtarır. Bunu bilirdi.
Rövşənin döyüş yolu Fizulidən başlayıb, Cəbrayıl, Qubadlı, Xocəvəndin azadlığı uğrunda mübarizədən keçir. Əsgər yoldaşları deyirlər ki, Rövşən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlirdi. Hədsiz məsuliyyəti ilə çoxumuzdan seçilirdi. Bir qarış torpaq azad olunanda belə "Bu sevinci də yaşadıq, bu sevincə görə Şəhid olmağa da dəyər. Vətən sağ olsun” – deyərdi. Nə qədər ağır döyüş olsa da içimizə fərəh dolurdu. Müxtəlif döyüş tapşırıqları alırdıq. Qruplara bölünürdük. Kəndləri,yüksəklikləri azad edə-edə irəliləyirdik...”
Oktyabrın 27-də 14 nəfərlik qrupla Xankəndinin Qırmızı bazar istiqamətində Cütçü kəndi ərazisindəki yüksəkliyi azad etmək tapşırığı alırlar. Ərənlərimizin məqsədi necə olursa-olsun, yüksəkliyi ələ keçirmək idi. Ağır döyüş olur. Xocəvənd Xankəndi arasında pusquya düşürlər. Cəmi iki nəfər, onlar da bu döyüşdə yaralı vəziyyətdə xilas ola bilirlər.
Həmin döyüşün iştirakçısı snayperçi qazi Əsgər Hüseynovun dedikləri: “Tapşırığı yerinə yetirməli, yüksəklikləri ələ keçirməliydik. Pusquya düşdük. Açıq ərazidə idik, düşmən bizdən yüksəkdəydi. Ancaq yerə sərilib döyüşürdük. İlk ayaqlarımdan yaralandım. Sonra qolumdan. Başımızı qaldıra bilmirdik, təhlükəli idi. Buna baxmayaraq Rövşən köməyimə gəldi. Çox cəsur idi. Döyüş yoldaşına görə canından keçərdi. Keçdi də. Onu vurdular. Uşaqlar şəhid olurdu. Dəhşətliydi... Hamı bir-birini qorumağa çalışırdı. Ordan sağ çıxmağıma indi də inana bilmirəm”.
Cəbrayıl, Qubadlı, Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına vuruşan Rövşən həmin döyüşlərin birində şəhid olur. Xocavəndin, Füzulinin, Cəbrayılın azad olunmasına görə medalları ilə bərabər "Vətən uğrunda” medalı ilə də təltif olunub.
Şəhidimiz noyabrın 1-də doğulduğu Burzubənd kəndində uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Mikayılov Vətən onun yaxın qohumu, həm də uşaqlıq dostudur. Deyir ki, Rövşən həyatımın bir parçasıydı elə bil. Bir yerdə çox günlərimiz olub. Ən şirin xatirələrim onunla bağlıdı. Ən böyük ağrım, ən əvəzsiz qürur duyğum onunla bağlıdır. Çox məsuliyyətli idi Rövşən. Məsuliyyətli olmağı ondan öyrəndim. Vətən eşqi ilə qəlbi dolu idi. Ona baxanda düşünürdüm ki, heç kim Azərbaycanı bu qədər sevə bilməz. Həm də torpaqlarımızın azad olunacağına hədsiz inam vardı onda. Kimsə "evlən”, - deyəndə "torpaqlarımızı azad edəndən sonra”, deyirdi. Ona qəribə baxanlar da olurdu. Hamı kimi deyildi axı... Amma o inanırdı. Hər gün savaşı gözləyirdi. Hər gün savaşa gedəcəyini deyirdi...”
Qardaşı Səbuhinin xatirələri: “Vətən müharibəsi başlayandan hər gün Hərbi komissarlığa gedirdi. Aprel döyüşlərində könüllülər arasında olduğundan elə bilirdi o saat cəbhəyə göndərəcəklər. Təsəvvür edin ki, saysız könüllü vardı, növbə yaranmışdı. "Özləri çağıracaq lazım olanda, gör nə qədər könüllü var”, desəm də xeyri yox idi. "Məni niyə aparmırlar ki? Döyüşə getməsəm camaat içinə çıxa bilmərəm, yaşaya bilmərəm. Onsuz da hamı ölür. Amma Vətən yolunda ölmək-şəhid olmaq hamıya qismət olmur. Ən böyük mükafatım bu olar” deyirdi. Onu oktyabrın 9-da çağırdılar. Elə sevinirdi ki... Sağlığında da fəxrimiz idi, ölümüylə də qürurumuz oldu. Düşünürəm ki, seçilmişlər şəhid olur.
Cənətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Hazırladı: Mina RƏŞİD