Natiq də belə qəhrəman oğullarımızdan idi. Dörd övladını arxada qoyub Vətənin müdafiəsinə getmişdi. Vətənə xidmət etməkdən şərəf duyurdu...
Azərbaycan Silahlı Qüvvələrinin mayoru Natiq Əjdər oğlu İsmayılov 1980-ci il martın 5-də Qəbələ rayonunun Bunud kəndində anadan olub. Öncə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. 2001-ci ildə ali təhsilini başa vurduqdan sonra "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. Naxçıvanda, Qusarda və Murovdağda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib. 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olan Natiq İsmayılov 44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərə qatılıb və uğurlu əməliyyatlarda iştirak edib. Oktyabrın 17-də qəhrəmancasına şəhid olub.
Azərbaycan Silahlı Qüvvələrin mayoru Natiq İsmayılov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Tahirə AĞAMİRZƏ