25.02.2026, 18:45
AZ EN
25.02.2026, 17:15 71

Xocalı soyqırımının şahidi: "Erməni girovluğunda insanlığa sığmayan işgəncələrə məruz qaldıq"

XƏBƏRLƏR
  • Xocalı soyqırımının şahidi Mürvət Məmmədov fevralın 25-də "Xocalı: Əsir uşaqlıq" sənədli filminin təqdimatı zamanı özü və ailə üzvlərinin girov düşdüyünü və erməni girovluğunda insanlığa sığmayan işgəncələrə məruz qaldıqlarını bildirib.

Xocalı sakini filmin onun iki dəfə deportasiyaya məruz qalan ailəsindən bəhs etdiyini söyləyib:

"Mən və 7 nəfərlik ailə üzvüm 1988-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalından deportasiya olunmuşuq. Biz Xocalıda məskunlaşdıq və burada dörd il yaşadıq. Xocalı hadisələri zamanı 14 yaşım var idi. Şəhər, demək olar, tamamilə silahsız idi. Bizim də cəmi bir neçə müdafiə postumuz var idi. Düzdür, könüllü batalyonlar yaradılmışdı, ancaq əlimizdə olan silahlar ağır texnikaya qarşı mübarizə aparmağa kifayət etmirdi. Buna baxmayaraq, atam və böyük qardaşlarım gecə-gündüz postlarda dayanırdılar. Bir gecə evimiz qəfil atəşə tutuldu, pəncərələr qırıldı, içəriyə qumbara atıldı. Mən ayağımdan, anam kürəyindən yaralandı".

M.Məmmədov deyib ki, onları otağa yığaraq yandırmağa cəhd ediblər:

"Üçyaşlı qardaşım da hadisələrə şahid oldu. Onlar canımız qarşılığında bizdən bütün qızıl-zinət əşyalarımızı tələb etdilər, sonra bizi girov götürdülər. Biz erməni girovluğunda insanlığa sığmayan işgəncələrə məruz qaldıq".

Xocalı sakini atası və qardaşlarının aqibətinin yalnız 2009-cu ildə sənədli filmlər çəkilərkən məlum olduğunu vurğulayıb:

"Onların vəhşicəsinə qətlə yetirildiyi üzə çıxdı. Bu günədək onların məzarı yoxdur".

Qeyd edək ki, M.Məmmədov hazırda ailəsi ilə birgə Xocalı şəhərində yaşayır. (Report)

Oxşar xəbərlər