Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də Cəlal Ağahüseyn oğlu İslamovdur. O, 2001-ci il iyulun 3-də Xaçmaz rayonunun Çarxı kəndində anadan olub. 2007-2018-ci illərdə N. Abudov adına Xaçmaz rayon Çarxı kənd tam orta məktəbdə təhsil alıb. Cəlal İslamov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Cəlal İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Cəlal İslamov 2020-ci il oktyabrın 6-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cəlal İslamov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimizin anası Sevda xanım bildirib ki, övlad itkisi çox ağırdır. Amma şəhid anası olmaq qürurludur. Çünki Vətənimiz düşmən tapdağından azad olundu. Məktəbdə bütün tədbirlərdə bayraqdar Cəlal olardı. Məzun günü müəlliməsi ona bayrağımızı Şuşada dalğalandırmağı arzulayıb. Cəlal Qərbi Kaspi Universitetinin Kollecində təhsil alırdı. 18 yaşı tamam olanda hərbi xidmətə yollandı. Müharibə vaxtı onunla əlaqə saxlayanda döyüşlərdə iştirak etdiyini bildirdi. Amma xahiş etdi ki, başqa heç nə soruşmayaq. Sonra şəhid olduğu xəbərini aldıq. Mən oğlumla qürur duyuram…
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Cəlal balamız!
Mina RƏŞİD