Tədbirdə çıxış edən icra başçısı kollektivi peşə bayramı münasibəti ilə təbrik edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandanın dəmir iradəsinin, ordumuzun rəşadəti və xalqımızın milli birliyi sayəsində 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanıldı. Digər işğal altında olan rayonlarımız kimi, Kəlbəcər rayonu da düşmən tapdağından azad edildi. Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivini üzərinə böyük məsuliyyət və şərəfli iş düşdü. Belə ki, çətin hava şəratinin, dağlıq relyefin hökm sürdüyü Kəlbəcər rayonunda “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi əsl əzimkarlıq və peşakarlıq göstərərək mürəkkəb dağ yollarının açılmasında, metrlərlə yollarda yığılıb qalan qar ötrüyünün təmizlənməsində, ön cəbhədə yerləşən bölmələrdə xidmət aparan qardaşlarımızın təminat yollarının açılmasında, böyük əhəmiyyət kəsb edən Murov dağının keçilməz yollarının daima açıq saxlanılmasında fədakarlıq nümayiş etdiriblər.
Bu gün də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi qış ayları olmasına baxmayaraq Respublika əhəmiyyətli 128 km, yerli əhəmiyyətli 373 km olmaqla ümumilikdə 501 km yola uğurla xidmət edirlər. Rayon rəhbəri kollektivi təbrik edərək, onlara iş və şəxsi həyatlarında uğurlar, daim yollarının açıq olmasını arzulayıblar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Aqil Vəliyev onlara göstərdiyi diqqətə görə, icra başçısı Azər Qocayevə minnətdarlığını bildirib və qeyd edib ki, bundan sonra da, kollektiv öz işlərinin öhdəsindən layiqincə gələrək, dövlətimizə və xalqımıza xidmət edəcəkdir.
Tədbirin sonunda bir qrup Agentliyin “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarına Kəlbəcər rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edilib.
Hazırladı: Mina RƏŞİD