24.04.2025, 22:45
AZ EN
07.01.2025, 09:23 265

Ata, darıxma, gələcəyəm...

XƏBƏRLƏR
  • Hacırza ailədə də, döyüşdə də ətrafındakı adamların sevimlisi olub. Atası deyir ki, oğlum Füzulidə döyüşüb, sonra onları Hadrut qəsəbəsinə gətiriblər. Mən döyüşdə onun yanında olmamışam, amma onunla döyüşənlər oğlum haqqında elə danışırlar ki, övladımla fəxr edirəm. Döyüşçülərdən biri deyir ki, mən ömrüm boyu ona borcluyam, yaralıydım, məni odun-alovun içərisindən Hacırza çıxardı. Şəhidliyindən bir gün əvvəl mənimlə danışdı. Dedi, ata, darıxma, gələcəyəm!

Üzündə uşaq təbəssümü olan, məsum görünüşlü, şəkilləri ilə ürəkləri titrədən Hacırzanın anası onun yoxluğuna alışa bilmir. Deyir ki, bir ana üçün balasından ayrılmaq çox çətindi. Balamın üzünü görmürəm, səsini eşitmirəm. Amma onunla qürur duyuram...

Hacırza sanki baçısının da bir parçası imiş. Bacı da ondan ayrılmağı özünə dərd edir. Danışdıqca gözlərindən yaş sel kimi axır. Deyir ki, biz heç bir-birimizdən ayrı qalmamışdıq. İndi məzarına gedirəm, çağırıram, cavab vermir. Həmişə deyirdim ki, qardaş, oxu, böyük adam ol. Deyrdi ki, bacı, mən onsuz da boyük adam olacam. Həqiqətən də Hacırza böyük adam oldu, Vətən uğrunda canından keçib adını tariximizə qızıl hərflərlə həkk elədi...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Rzayev Hacırza Fikrət oğlunun doğum günüdür. O, 7 yanvar 1992-ci ildə Bakı şəhərində anadan olub. 1999-2009-cu illərdə Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2012 -ci illərdə Gədəbəydə "N" saylı hərbi hissədə qulluq edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Hacırza Rzayev də könüllü olaraq iştirak edib. O,  Füzuli, Cəbrayıl və Hadrut uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.

İgid döyüşçü noyabrın 26-da Hadrutda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Bakıda, doğulduğu rayonda torpağa tapşırılıb.  
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hacırza Rzayev ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər