"Vətən səsi" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin iclasında çıxış edib. O, deyib ki, bu təklif reallaşacağı təqdirdə doğma yurduna qayıdaraq orada yaşayan keçmiş məcburi köçkünlər bir sıra üstünlüklər qazanacaq: "Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı 10 mindən çoxdur. 2025-ci ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə daimi məskunlaşanların sayı 10 min 270 ailəyə çatacaq. Bu o deməkdir, bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 40 mindən çox keçmiş məcburi köçkün məskunlaşacaq..
Deputat təklifinin mahiyyətini belə izah edib: "Yeni dəyişikliyə əsasən, keçmiş məcburi köçkünlər öz ata yurdlarına qayıtdıqdan sonra, peşə təhsili xərcləri dövlət hesabına qarşılanacaq. Məskunlaşmış keçmiş məcburi köçkün peşə təhsili almaq istəyirsə, o zaman həmin şəxs hər hansı bir ödəniş etmədən peşə təhsili almaq imkanına malik olacaq. Nəzərə almalıyıq ki, məşğulluq vacibdir. Məşğulluqda isə peşə təhsili önəmlidir. Milli Məclisdəki təklifim ondan ibarətdir ki, keçmiş məcburi köçkünlər məskunlaşmamışdan öncə müvəqqəti yaşadıqları ərazilərdə peşə təhsili almaq istəyirlərsə, onların xərcinin dövlət büdcəsi hesabına ödənilməsi ilə yanaşı, həm də onlara təqaüdlər verilsin. Yəni onlar peşə təhsili aldıqları müddətdə təqaüd almaq imkanına malik olsunlar. Bu, keçmiş məcburi köçkünlərin peşə təhsili almasına stimullaşdıra bilər. Beləliklə, həmin şəxslər öz ata-baba yurdlarına təhsilli formada qayıda bilərlər. Bu da onların məskunlaşmadan sonra sürətli formada işlə təminatına xüsusi təkan verə bilər. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oxşar praktika var. Bu zaman minimum əməkhaqqının 50 faiz həcmində təqaüdlər verilir. Hazırda bu rəqəm 200 manatdır. Oxşar praktikanı Elm və Təhsil Nazirliyinin xətti ilə keçmiş məcburi köçkünlər üçün reallaşdırmaq olar".
Xatırladaq ki, azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayış şəraitinin qurulması, onların məşğulluğunun təmin edilməsi və peşə hazırlığının artırılması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən də diqqətdə saxlanılır. Bununla əlaqədar məcburi köçkün icmalarında bilik və bacarıqların artırılması, gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi, peşə hazırlığı və sahibkarlıq təlimləri, mikrobizneslərin yaradılması kimi tədbirlər həyata keçirilir. “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili”, “Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədi ilə ustad dərslərinin keçirilməsi” kimi layihələr də həmin məqsədə xidmət edir.
Elxan SALAHOV