14.03.2025, 15:00
AZ EN
25.02.2025, 20:24 220

“Qərbi Azərbaycan əsilli gənclər: Tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri” adlı konfrans keçirilib

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İcmanın birgə əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan Əsilli Gənclər: Tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri” adlı konfrans keçirilib.  

Dövlət qurumlarının nümayəndələrinin, Qərbi Azərbaycandan olan ziyalıların,  eləcə də uşaq və gənclərin iştirakı ilə keçirilən konfransın əsas məqsədi Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin uşaqlar və gənclər arasında təbliği, zəngin tarixi-mədəni irsinin təşviqi, bu istiqamətdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər haqında məlumatlandırmaqdır.

 Konfransı giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, soydaşlarımız öz doğma ata – baba yurdları olan  Qərbi Azərbaycandan mərhələlərlə deportasiya olunub, bu ağrılı proses zamanı insanlığa xas olmayan müsibətlərlə qarşı-qarşıya buraxılıblar, Qərbi Azərbaycandakı maddi – mədəni irsimiz məhvə məruz qalıb. Sədr Qərbi Azərbaycanlıların geri qayıdış hüququ, irsimizin bərpa olunması kimi məsələlərlə bağlı bu gün uşaq və gənclərin məlumatlı olmasını xüsusi vurğulayıb.

O, qeyd edib ki, Qərbi Azərbaycandakı azərbaycanlıların izlərini silmək üçün məqsədyönlü şəkildə aparılan siyasət nəticəsində minilliklər boyu formalaşmış maddi-mədəni irsimiz məhv edilib. Tarixi abidələr dağıdılıb, toponimlər dəyişdirilib, qəbiristanlıqlar yerlə-yeksan olunub, mədəniyyət nümunələrimiz saxtalaşdırılaraq başqa xalqlara aid edilib.

Sədr əlavə edib ki, Qərbi Azərbaycan məsələsi yalnız deportasiya olunmuş insanların deyil, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının problemidir. Bu səbəbdən hər bir vətəndaşımız bu məsələyə həssas yanaşmalı, tariximizin və mədəni irsimizin qorunması üçün öz töhfəsini verməlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında tədbirin əsas məqsədinin gənclərlə fikir mübadiləsi və gələcəyimiz haqqında müzakirələr aparmaq olduğunu bildirib. Komitə sədri qeyd edib ki, Azərbaycan xalqı birlik və həmrəylik sayəsində Qarabağda tarixi Zəfər qazanıb. Bu uğurda gənclərin rolu danılmazdır. O, qeyd edib ki, Qərbi Azərbaycan həqiqətləri, doğma torpaqlara geri qayıdış, irsimizin qorunması ilə bağlı məsələlərdə gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Bunun üçün hər bir gənc elmə, milli dəyərlərə və mənəvi köklərə bağlı olmalıdır.

Konfransda Ağsaqqallar Şurasının üzvü, sabiq hakim İlqar Abasov, Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Səbinə Xasayeva, həmçinin uşaqlar və gənclər iştirak edib.

Tədbirdə digər çıxış edənlər Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb, bu prosesdə gənclərin üzərinə düşən məsuliyyətdən bəhs ediblər. Bildirilib ki, gənclərimiz tarixi yurd yerlərimizlə bağlı məlumatlı olmalı, milli kimlik məsələsində fəallıq göstərməli və bu həqiqətlərin dünya səviyyəsində tanıdılması üçün müxtəlif platformalarda iştirak etməlidirlər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər