10.06.2025, 23:12
AZ EN
13.01.2025, 10:00 297

Cənnətdəki doğum günün mübarək...

XƏBƏRLƏR
  • Qardaşağa gülərüzlü şəkilləri, şirin danışığı, bir də şənliklərdə ürəkdən qol götürüb oynamağı ilə doğmalarının yaddaşını ömrü boyu təzələyəcək... Anası deyir ki, Qardaşağa açıq sözlü idi. O, müharibədən sonra tezliklə ailə qurmaq arzusunda olduğunu telefonda da anasına söyləmişdi. Qardaşağanın döyüş yoldaşı danışır ki, biz Şuşanın bir neçə kəndini artıq geridə qoymuşduq. Qardaşağa şəkillər, video çəkdi, sonra mənə göstərdi ki, bax, gör necə şəhid şəklinə oxşayır. Aradan heç beş dəqiqə keçməmiş yanımızda böyük bir partlayış oldu. Bir də baxdım ki, Qardaşağa artıq şəhid olub...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Qardaşağa Nizami oğlu Cəbiyevin doğum günüdür. O, 13 yanvar 1997-ci ildə Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olub. 2003-2014-cü illərdə Siyəzən rayon Balaca Həmyə kənd tam orta məktəbində təhsil alıb. Sərbəst güləş ilə məşğul olub və bir çox uğurlar qazanıb. 2016-cı ildə   həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini uğurla başa vurub və  2018-ci ilin sentyabr ayında müddətdən artıq hərbi qulluqçu kimi yenidən Vətənə xidmətə başlayıb.

Qardaşağa Cəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Xocavənd, Şuşa rayonlarının və Hadrud qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Qardaşağa Cəbiyev noyabrın 3-də Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə canından çox sevdiyi Vətən uğrunda qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz noyabrın 4-də böyük izdiham və ehtiramla  Siyəzən şəhəri Balaca Həmyə kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Qardaşağa Cəbiyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər