Düşmən tapdağında olan ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı həqiqi hərbi xidmət keçən Elnur Vətənin əsgəri kimi döyüşlərə qatılıb. Sentyabrın 28-də Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucalıb.
Şəhidimiz 2020-ci il oktyabrın 2-də böyük izdiham və ehtiramla dogma kəndlərində torpağa tapşırılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən Elnur Əbdülov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və “III dərəcəli Rəşadət” ordeni“ ilə təltif edilib.
Elnur 4 bacının yeganə qardaşı idi. Anası Yazgül xanım deyir ki, həyatdan nakam getmiş balamın həsrəti çox ağırdır. Elnur sözəbaxan, ağıllı və valideynlərinə böyük hörmət bəsləyən oğul idi. Xoş rəftarı ilə özünə hörmət qazanmışdı. O, hələ uşaq ikən özünə taxtadan müxtəlif cür silahlar düzəldərmiş. Çünki böyüyüb hərbçi olmaq arzusu ilə yaşayırdı.
Evin yeganə oğlu olduğuna görə anası onu bir qədər erkən bəyəndiyi qızla nişanlayır. “Əsgərlikdən qayıdandan sonra toyunuzu edərik bala”,-deyir. Amma balasının üçrəngli bayrağa bükülmüş tabutu gəlir evlərinə.
Şəhidimizin atası Qədir kişi isə oğlunun son dəfə yazdığı məktubundan söz açır:
Oğlum həmişə deyərdi ki, gələcəkdə özümü tanıdacaq və siz də mənimlə fəxr edəcəksiniz. Amma müharibədə olanda bizə heç nə deməzdi.
Elnur şəhid olandan sonra döyüş yoldaşları, komandiri bizə gələndə Elnurun müharibəyə gedən zaman yazıb qoyduğu məktubu gətirmişdi. Balamın məktubunu oxuyan hər kəs ağladı. Baxın, oğlum nə yazır: “Salam atam, anam. Bilirsiniz, müharibə başlanıb, mən də döyüşlərə gedirəm. İnşallah, Qarabağı azad edəndən sonra görüşərik. Özünüzdən, bacılarımdan muğayat olun. Siz bilirsiniz ki, oğlunuz vətənpərvərdir”. Elnur məktubun sonunda onu da qeyd edir ki, “Məktubum kimin əlinə keçsə, valideynlərimə çatdırsın”. İnanın ki, Vətən üçün canını qurban verən, heç zaman valideynlərinin üzünə ağ olmayan, onların həmişə hörmətini saxlamış oğlumla bu gün fəxr edirəm, deyir atası...
Atası söhbət zamanı onu da xatırlatdı ki, Elnur körpə ikən sağalmaz xəstəliyə tutulmuşdu. Neçə xəstəxanada dərdinə çarə tapılmayan Elnuru kənddəki yaşlı bir qadın təbii otlardan hazırladığı məlhəmlə sağaltmışdı.
Demə, Elnur böyüyüb Vətən uğrunda vuruşaraq Şəhid olacaqmış və özünün dediyi kimi doğmaları onunla qürur duyacaqlarmış…
Biz hamımız səninlə fəxr edirik!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Elnur balamız!
Mina RƏŞİD