19.12.2024, 22:50
AZ EN
21.04.2022, 11:15 540

Qarabağın təbiəti, səfalı yerləri ekoturizmin inkişafı baxımından əlverişli layihələrin həyata keçirilməsinə imkan verir

XƏBƏRLƏR
  • “Ekoloji İnformasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyələrin hazırlanması” layihəsinin icra planına uyğun olaraq növbəti seminarı Ağdam rayonunda təşkil edib.

Ağdam Sosial-İqtisad Kollecində baş tutan seminarda əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən “Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı “Qarabağ İqtisadi Rayonunda ekoturizm imkanlarının araşdırılması, monitorinqi və tövsiyələrinin hazırlanması” layihəsi haqqında məlumat verib. Bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında müzəffər ordumuz 44 gün ərzində düşmən üzərində qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. İndi erməni vandalizminin qurbanı olmuş şəhər və kəndlərimizdə quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar tezliklə Qarabağın inkişaf etmiş bölgələrimizdən birinə çevrilməsi üçün zəmin yaradır. Bu baxımdan bölgənin turizm imkanları da genişlənir. Qarabağın təbiəti, səfalı yerləri ekoturizmin inkişafı baxımından əlverişli layihələrin həyata keçirilməsinə imkan verir. Odur ki, gələcəkdə bölgədə turizmin inkişafı üçün nəhəng layihələrin həyata keçiriləcəyi gözləniləndir. Bunun üçün də turizmin təşviqi, kadr hazırlığı kimi məsələlərə önəm verilməli, bölgəyə gələn turistləri qarşılamağa hazır olmalıyıq.

Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov çıxışında layihəni yüksək qiymətləndirib. Bildirib ki, hazırda mina təhlükəsi ilə əlaqədar olaraq Qarabağın işğaldan azad edilən rayonlarda turistlərin hərəkəti məhdudlaşdırılsa da, yaxın gələcəkdə ekoturizmlə bağlı layihələri həmin ərazilərdə də gerçəkləşdirmək mümkün olacaq. Hikmət Heydərov Qarabağın Aran bölgələrində də turizm üçün səfalı təbiət ərazilərinin olduğunu iştirakçıların diqqətinə çatdırıb. Ağcabədi və Beyləqan ərazisində yerləşən Ağgöl Milli Parkını və Kür çayı boyunca uzanan Tuqay meşələrini ekoturizm baxımından əhəmiyyətli hesab edib.

Tədbirdə çıxış edən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev Qarabağın ekoturizm imkanlarını yüksək qimətləndirib. Gələcəkdə də ekoturizmin təşviqi istiqamətində layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Layihənin eksperti, “Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev turizmin növləri barədə məlumat verib. Şuşanın ekoturizm mühitindən bəhs edən ekoloq Xosrov Musayev bu yaxınlarda Cıdır düzündə yamac paraşütü ilə uçuş həyata keçirildiyini xatırladıb və bu uçuşun gələcəkdə ekoturizm məkanına çevrilməsi nəzərdə tutulan Daşaltı kəndi istiqamətində olduğunu vurğulayıb. Xosrov Musayev qeyd edib ki, turistlərin bölgəyə səfərləri əhalinin məşğulluğun təmin olunmasına da böyük təsir göstərəcək.

Tədbir diskussiya şəraitində davam edib. (AZƏRTAC)

Oxşar xəbərlər