25.04.2025, 16:32
AZ EN
24.12.2024, 10:00 346

"Azərbaycan Bayrağı" ordenli gənc qəhrəman...

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin gənc, qəhrəman şəhidi Sakit Şahin oğlu Allahverdiyevin doğum günüdür. O, 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində dünyaya göz açıb. 2007-2018-ci illərdə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb.

2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət müddətində Sakit təlim tapşırıqlarını yerinə yetirib, hərbi təlim toplantılarına qatılıb.

Azərbaycan Ordusunun əsgəri olan Sakit Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Gənc əsgər Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Sakit Allahverdiyev 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz 13 noyabr 2020-ci ildə doğma Çaylı kəndinin qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sakit Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Sakit balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR