21.11.2024, 19:56
AZ EN
19.11.2024, 09:41 132

Minaların təmizlənməsi biosferə zərər vurulmasının qarşısını almaq üçün vacib ekoloji şərtdir

XƏBƏRLƏR
  • Dünya Ərzaq Mükafatı laureatı, “Sülhün Kökləri” təşkilatının təsisçisi Heidi Kuhn və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Qarabağın təhlükəli mina sahələrinə səfər edərək mina probleminin təcili həllinə və bölgənin bir vaxtlar çiçəklənən üzümçülük sahələrinin bərpasına diqqət çəkməyə çalışıblar. Onlar “Minalardan üzümlüyə” şüarı ilə məhsuldar torpaqları minalardan təmizləyərək yenidən üzüm bağlarına çevirmək ideyasını qlobal səviyyədə yaymaq istəyirlər.

Qlobal liderlər Bakıda keçirilən COP29 iqlim konfransında toplandığı bir dövrdə H.Kuhn və U.Mirzəyev dünya ictimaiyyətinin diqqətini minaların iqlim dəyişikliyinə təsirinə yönəltməyə çalışıblar.

Qarabağın minalanmış əraziləri COP29 tədbirinin keçirildiyi Bakı Stadionundan cəmi üç saatlıq məsafədə yerləşir. Hansı ki, bu stadionda 200-ə yaxın ölkədən ümumilikdə 72 min nümayəndə toplaşıb. Bölgədə yerləşdirilmiş və hələ də gizli qalan təxminən 1,5 milyon mina icmalar və ətraf mühit üçün davamlı risklər yaradır. Təəssüf ki, 2020-ci ilin noyabrından indiyədək 382 nəfər günahsız Azərbaycan vətəndaşı minaların qurbanı olub.

“COP29-un əsas mövzusu “Yaşıl dünya naminə həmrəylikdir”. Lakin yaşıl dünyaya mina basdırılmış torpaqlarda və müharibənin qanlı izləri fermerlərin sahələrini becərməsinə mane olduğu halda nail olmaq mümkün deyil. Yaşıl dünyanın ilk addımı təhlükəsiz və məhsuldar torpaqdır. Lakin bu, nə münaqişə zamanı, nə də minaların mövcud olduğu yerlərdə reallaşa bilər. 2050-ci ilədək dünyada təxminən 10 milyard insan yaşayacaq və artan müharibələr nəticəsində həm torpaqda, həm də insan ruhunda səpilən bu terror toxumları gələcək nəsilləri qidalandırmağa mane olacaq”, - deyə H.Kuhn bildirib.

“Sülhün Kökləri” təşkilatı və BAMF dünya liderlərinə müraciət edərək, Azərbaycandakı bütün minaların təmizlənməsi üçün onları kampaniyaya təcili dəstək verməyə çağırır. Bu çağırışın COP29-un əhəmiyyətli irsi olaraq, kənd təsərrüfatı vasitəsilə sülhün bərpasına töhfə verəcəyinə ümidvarlıq ifadə edilib. Həmçinin bərpaedici kənd təsərrüfatı proqramının dünyada müharibədən zərər çəkmiş 60-dan çox ölkədə yerləşən və təxminən 110 milyon minanın basdırıldığı ərazilərdə tətbiqi mümkün ola bilər.

BAMF prezidenti Umud Mirzəyev vurğulayıb ki, minatəmizləmə səyləri baha başa gəlir və qabaqcıl texnologiya, ixtisaslı işçi qüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir. Təcili sərmayələr olmadan davam edən ekoloji tənəzzül biomüxtəlifliyi, təbii ekosistemləri və bu resurslardan asılı olan icmaların dolanışıq mənbələrini təhdid etməyə davam edəcək. Minaların təmizlənməsinin sürətini artırmaq təkcə humanitar zərurət deyil, həm də planetimizin biosferinə gələcək zərərin qarşısını almaq üçün ekoloji vacib şərtdir”. (AZƏRTAC)

Oxşar xəbərlər