19.10.2024, 18:37
AZ EN
12.09.2024, 13:10 242

“Yolumuz Qarabağa”: kimlər və necə gedə bilir?

XƏBƏRLƏR
  • Bu ilin aprel ayından etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, Laçın şəhərinə də səfər edə bilirlər. Bunun üçün vətəndaşlar “Yolumuz Qarabağa” portalı üzərindən icazə əldə etməlidirlər.

Bəs, hazırda tam şəkildə məskunlaşmanın aparılmadığı, bərpa və yenidənqurma işlərinin davam etdiyi əraziləri, doğma yurd-yuvasını, əzizlərinin məzarlarını ziyarət etmək istəyənlər bu imkanlardan nə dərəcədə yararlana bilir.

"Vətən səsi" xəbər verir ki, Vətən müharibəsindən bir neçə ay sonra Daxili İşlər Nazirliyindən xüsusi icazə alınmaqla vətəndaşların işğaldan azad edilmiş ərazilərə gediş-gəlişinə məhdud sayda və qaydada olsa da, şərait yaradılıb. Bu ilin aprelindən isə daha bir neçə marşrut üzrə Şuşa və Laçın şəhərləri, habelə Suqovuşan qəsəbəsinə şəxsi minik maşınları ilə səfər etməsinə icazə verilir.

İşğaldan azad olunmuş ərazilərə həm avtobus, həm şəxsi avtomobillə, həm də təyyarə ilə getmək mümkündür.  Təyyarə ilə gedənlər üçün təyinat nöqtəsi Füzuli Hava Limanıdır. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın marşrutu ilə mümkündür.

Digər ərazilərə, o cümlədən Ağdərə və Kəlbəcər rayonlarına isə gediş-gəlişinə razılıq iki halda verilir: qeydiyyatda olan və işğaldan azad olunmuş ərazilərə köç üçün icazə sənədi almış fermer təsərrüfatlarında çalışanlar və ya fərdi və ya qrup şəklində rəsmi məktubu vasitəsilə. Hər iki halda sərnişinləri işğaldan azad olunmuş ərazilərə daşıyan nəqliyyat vasitəsi də Daxili İşlər Nazirliyinin icazə sistemində, yəni portalda qeydiyyata alınmalıdır.

Yeri gəlmişkən, Qarabağa şəxsi avtomobillə icazənin verilməsindən sonra həmin torpaqlara turist səfərlərinin sayında artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2023-cü ilin dekabrından bu ilin iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 min 298 nəfər səfər edib. Bu il aprel ayının 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 min 670 nəfər olub.

Elxan SALAHOV

Oxşar xəbərlər