Bu gün Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Azərbaycanın dövlət xadimi, diplomat və yazıçı, şair, dramaturq, publisist, Hidayət Xuduş oğlu Orucovun bu gün 80 yaşı tamam olur.
Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycan Meğri rayonunun Maralzəmi kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirən Hidayət Orucov bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir.
Hidayət Orucovun poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur.
Hidayət Orucov ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırlarımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Onun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunmuşdur.
Pyesləri hal-hazırda Azərbaycanda və xaircə böyük teatrların səhnələrində uğurla oynanılır.
1 avqust 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olmuş, 1993–2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləmişdir. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri işləmişdir.
2006-2012-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olaraq fəaliyyət göstərmişdir.
Ona 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir. Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş, 2021-ci ilədək bu vəzifədə fəaliyyət göstərmişdir. 2019-cu ilin iyul ayında Hidayət Orucov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Biz də Hidayət Orucovu səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.
Tahirə AĞAMİRZƏ