24.04.2025, 09:32
AZ EN
12.08.2024, 08:05 377

Şanlı tarix yazanlar...

XƏBƏRLƏR

Şəhid Şəhriyar Abdullayev də Qarabağı düşmənlərdən azad edən igidlərimizdəndir

Azərbaycan xalqının şanlı tarixi yalnız arxiv materillarında saralan qovluqlardan ibarət deyil. Yüz illər boyu xalqımızın keşməkeşli həyatı həm də yaddaşlara nəsildən-nəslə ötürülməklə  yazılıb. Çünki zaman-zaman imperiyalar xalqların və dövlətlərin, cəmiyyət və quruluşların tarixini hər dövrün tələbinə uyğun ictimai formasiyaların tələbinə əsasən yazdırıblar. Bununla da tarixi həqiqətlər heç də hər zaman olduğu kimi yazılmayıb.

Məhz buna görə də Ulu Öndər Heydər Əliyev vaxtilə dediyi kimi, bugünkü müasir, müstəqil Azərbaycanın yeni tarixi yazılır. Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli yol, siyasi irsi onun əbədiyaşar adını qazandığını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərin təcrübəsi, eyni zamanda, müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir: “Ancaq müstəqil Azərbaycan bu uğurlara nail ola bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək”.

Nəhayət, müstəqilliyinin bərpasından sonra Azərbaycanın Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin cənab Prezident tərəfindən uğurla davam etdirməsinin nəticələrindən biri budur: “Qarabağ Azərbaycandır!”

“Qarabağ Azərbaycandır!” hayqırtısı ilə düşmənə qənim kəsilən igidlərimizdən biri də Abdullayev Şəhriyar Kamil oğlu idi ki, 2 mart 1987-ci ildə Tərtər rayonunun Cəmilli kəndində  anadan olmuşdur. 1994-cü ildə Əli Kərimov adına Cəmilli kənd tam orta məktəbinə daxil olmuş və dörd il burada ibtidai sinifdə oxumuş, 1998-ci ildə ailələri (atası Abdullayev Kamilin işi ilə bağlı) Daşkəsən rayonunun Bayan kəndinə köçərək, burada məskunlaşmışdır. Ona görə də Şəhriyar orta təsilini burada fəaliyyət göstərən Kəlbəcər rayon 73 saylı tam orta məktəbində davam etdirmişdir.

2005-ci ildə o, orta məktəbi bitirərək, həqiqi hərbi xidmətə yollanmışdır. Xidmətini Ağcabədi rayonunda, ön xətdə yerləşən “N” saylı hərbi hissədə başa çatdırmışdır. Bir müddət mülki işdə işlədikdən sonra, valideynləri DİN orqanlarında çalışmasını istəsələr də, Şəhriyar könüllü olaraq sənədlərini Milli Ordu sıralarına verib. Təlim-Tədris Mərkəzində kurslara qatıldıqdan sonra ordu sıralarında gizir kimi xidmətə başlamışdır.

Ön xətdə xidmət etdiyi dövrdə Şəhriyarın bacarıqlı və cəsarətli, vətənpərvərliyi burada diqqətdən kənarda qalmayıb. XTQ kurslarına təklif alaraq keçirilən təlimlərə qoşulub. 2013-cü ildən XTQ-də xidmətini davam etdirmişdir. “Aprel döyüşləri” iştirakçısı olub, düşmənə kabus yaşadan qəhrəmanların sırasına adını yazdırdığı üçün general-leytenant Hikmət Mirzəyev tərəfindən Fəxri Fərman və diplomla təltif olunub.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının "100 illik medalı"na layiq görülən Şəhriyar xidmət etdiyi hərbi hissədə qaydasız döyüşlər üzrə keçirilən yarışlarda 1-cilik  də qazanıb. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinə qatılıb. Döyüş yolu Murovdağ yüksəkliyindən başlamış, Füzuli, Cəbrayıl, Xocavənd və Hadruta kimi davam etmişdir. Hadrutun Şişqaya bölgəsində çox böyük şücaətlər göstərərək, elə orada da şəhadətə yüksəlmişdir. Daşkəsən şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu. Şəhidliyindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Xidmətdə fərqlənməyə görə", "Cəbrayılın azad edilməsinə görə”, "Füzulinin azad edilməsinə görə" və "Kəlbəcərin azad edilməsinə görə" medalları, 2021-ci il noyabrın 5-də “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Yeddi nəfərlik ailə üzvü olan Şəhriyarın qəhrəmanlığından, şəhidlik kimi şərəfli adından başqa, Zəhra və Füruzə adlı iki qız balası da yadigar qalıb.

Şəhidin atası Abdullayev Kamilin dediklərindən: “Oğlumla qürur duyuram... Şəhriyarın hərbiçi olmaq istəyi ilə əvvəl razı deyildim. Mən onun polis olaraq xidmət etməsini istəyirdim, ancaq o, öz fikrindən dönmədi. Lap uşaq yaşlarından hərbiyə maraqlı idi. Televizorda Xocalı soyqırımına həsr olunmuş verilişlərə, sənədli filmlərə baxaraq, "mən hərbiçi olub qisasımızı alacam", – deyirdi. Özü taxtadan avtomatlar hazırlayar, sanki erməni döyüşçüsü görüb, onu vururmuş kimi oynayardı... Fəxr edirəm ki, torpaqlarımızın yağı düşmən tapdağından azad olunmasında Şəhriyar öndə gedən qəhrəmanlarımızdan biri olmuşdur”.

Mənim oğlum ölməyib, şəhid olub

Anası Abdullayeva Firuzə Hüseyn qızı isə əksinə, atadan fərqli olaraq, Şəhriyarın hərbçi olmasını istəyib. Deyir ki, mənim balam igid, cəsur bir övlad idi: “Hələ uşaq yaşlarındaikən necə güclü, qorxmaz olduğunu aydın şəkildə görmək olardı. Hərbiçi olmaq istəyini bildirəndə mən razılığımı ilk gündən vermişdim. Çünki bu çətin, şərəfli işin öhdəsindən gələcəyinə inanırdım. Onun haqqında danışmaq bir ana kimi mənə çox çətindir. Oğlumun qoxusunu onun iki gül balasından alıram. Kiçik qızının baxışı, gülüşü, yerişi, duruşu onu xatırladır mənə.

2020-ci il oktyabrın 1-də zəng etmişdi. Müharibə  başlamış, bizim ordu irəliləmişdi.  Bizə ürək-dirək verib dedi: "Narahat olmayın, hər şey yaxşıdır. Xocalıda qətlə yetirilmiş uşaqların, qocaların, qadınların, qızlarımızın qisasını almışıq"...

Mənim oğlum ölməyib, şəhid olub. Mən onun anası deyiləm! Onun anası vətəndir! Bayrağın oğludur mənim balam! Südüm sənə halal olsun, qəhrəmanım! Xocalının intiqamını yerdə qoymadınız: başı kəsilən körpələrin qisasını aldınız! Vətən sağ olsun! Səngərdə olan balalarımızı Allah qorusun, onlar da bizim övladlarımızdır, doğmadır, əzizdirlər, özümüzünkülərdir. Dualarımız onların üstündədir”.

Şəhidin bacısı Aliyənin danışdıqları şair Əli Qurban Dastançının əzbər bildiyim bir şeirini xatırladır mənə. Əli müəllim yazırdı:

...Qardaşların bacıya məhəbbəti dərindi,

Ürəkləri od kimi, əlləri çox sərindi.

Eşitsə ağrıyır başım, bacım dayanmaz gələr,

Dəryaların suyunu bir damla sanmaz, gələr.

Anam deyər: “Ay bala, üst-başın nə gündədi”?

Gözümü açaram ki, başımın üstündədi...

İndi Şəhriyarın bacısı eynən bu haldadır. Fikri-zikri Şəhriyarladır. Elə bil ki, o, əsgərlikdədir, qayıdacağını gözləyir. Bacının qardaşa məhəbbətinin dərinliyini təsdiqləmək istəyir sanki: “...Şəhriyar ailəmizin 3-cü övladıdır. O, çox mehriban, əliaçıq bir uşaq idi. Hələ uşaq vaxtlarından hərbiyə marağı var idi. Əsgər olanda çəkdirdiyi bütün şəkil və sənədlərini mənə etibar edər, dərd-sərini mənimlə bölərdi. Hərbi xidməti başa vurduqdan sonra XTQ-nin kursuna yola saldıq. Çox sevinirdi bu kursa qəbul olduğuna görə. Oranı da müvəffəqiyyətlə başa vurdu və işləməyə başladı. 2020-ci il oktyabr ayında böyük qızı Zəhranın məktəbəqədər hazırlığa getməsi münasibətilə qonaqlıq vermişdik. Təlimdəydi, çox sevinirdi. Dedi ki: "...Mən tək deyiləm, arxayın ola bilərəm. Gözüm arxada qalmaz"...

...Sənsizlik bizi üzür, qardaş. Dönüşü olmayan yolunu sonsuzadək gözləyirəm, Şəhriyar, nə qədər çətin olsa da, qürur duyuram səninlə...”

Şəhidin bacısı Şəbnəmin fikrincə, bacı üçün vətən keşiyində duran qardaşın olması qədər qürurverici ikinci bir hiss ola bilməz: “...sentyabrın 24-ü mənə böyük qızının məktəb paltarının da şəklini göndərib, yazmışdı ki, "bax, bacı, Zəhra gör necə böyüb, məktəbə gedir"...

Onunla son danışığımız, sonuncu səsini eşitdiyim gün oktyabrın 9-u olub. Şəklini göndərib, vəziyyətlərinin yaxşı olduğunu söyləmişdi. Amma oktyabrın 12-də axşama yaxın,  saat 16:30-da qəfil gələn zənglə həyatım alt-üst oldu. Bu xəbərə inanmaq mümkünsüz idi. Hələ dünən səsini eşitdiyin qardaşının bu gün şəhid xəbəri gəlmişdi. Bilirsiz necə ürəkdağlayıcı oldu? Düşünəndə ki daha üzünü görməyəcək, səsini eşitməyəcək və bir daha ona toxuna bilməyəcəm, dəli oluram. Lakin qardaşımla birgə neçə-neçə igid oğullar şəhid oldu vətən uğrunda. Arxa-dayağım qardaş, məkanın cənnət olsun”

    Səsi qulağımda, qoxusu burnumdadı

Şəhriyarın iki qardaşı var: Turalla Rövşən adlı. Tural deyir ki, biz üç qardaş idik. Şəhriyar qardaşdan daha çox, dost idi mənimlə: “... Biz uşaqikən heç düşünməzdik ki, elə bir gün gələr - əbədi ayrılarıq. Amma, ayrılıq yalnız cismən oldu. Ruhən qardaşım həmişə mənimlədir. Heç unutmaram onun hərbi xidmətdən gələrkən qürurlu simasını. Onu bu cür vətənə aşiq görəndə hər birimiz fəxr edərdik. İndi isə nəinki biz, bütün Azərbaycan əbədiyaşar qardaşımla fəxr edir. Çox ailəcanlı idi. Övladlarına hədsiz bağlılığı vardı. Onlarla bağlı arzuları yarımçıq qaldı. Lakin neçə ki canımda can, qanımda qan var, onlar üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Bu, mənim üçün borcdur. Ruhun qarşısında baş əyirəm, qardaş”!

Rövşən evin kiçiyi olduğu üçün hər iki qardaşdan həmişə qayğı gördüyünü deyir: “...Onun məni əzizləməyi hələ də yadımdadır. Məni yandırır: səsi qulağımda, qoxusu burnumda. Əlinin bizə qarşı istiliyini, lakin səngərdə soyuğunu bizə halal et, qardaş”!

 

Cəmilə Çiçək

filologiya üzrə fəlsəfə doktoru,

Prezident mükafatçısı

Oxşar xəbərlər