22.11.2024, 19:08
AZ EN
30.03.2022, 11:20 598

Nəşi Fərruxda qalan şəhidimiz

XƏBƏRLƏR

Elmira xanım birinci Qarabağ müharibəsinin şəhidi İlham Adil oğlu Dadaşovun anasıdır. Onun şəklini İTV-nin əməkdaşı, tanınmış jurnalist Vüsalə Məmmədova özünün Facebook hesabında paylaşıb.

Vüsalə xanım yazır:

Şəkildəki Elmira xanımdır...

Oğlu İlham 19 yaşı olanda Fərrux dağında şəhid olub...

1992-ci il, sentyabrın 19-da...

Ermənilər oğlunun nəşini verməyib...

"Dövlətin verdiyi "qan pulu" ilə oğluma yalançı məzar düzəltdim" deyir...

"Yarım metr kəfənə şəklini və köynəyini büküb basdırmışam, təsəlli olsun deyə..."

#Fərrux'da kütləvi məzarlığın aşkarlandığını eşidib, ümid edir ki, 30 il sonra oğlunu məzarına uzada biləcək...

Bu, bir azərbaycanlı ananın hekayəsidir... Şərh etmək mümkün deyil...

Məlumat üçün bildirək ki, Dadaşov İlham Adil oğlu 19 iyun 1973-cü ildə Neftçala rayonunun Kürkənd kəndində anadan olub. İbtidai təhsilini kəndəki orta məktəbdə bitirdikdən sonra Bakıda S.C.Pişəvəri adına ərəb-fars dili təmayüllü məktəbdə oxuyub. Rusiyanın Sankt-Peterburq şəhərində keçmiş sovet ordusunda xidmət keçib. Təxris olunduqdan sonra Vətənə qayıdıb. 1992-ci il iyunun 18-də  Neftçala Rayon Hərbi Komissarlığında səfərbərliyə alınıb və Qarabağa göndərilib. Fərrux yüksəkliyi uğrunda döyüşdə qəhrəmanlıq göstərib və şəhid olub. Nəşini götürmək mümkün olmayıb.

İlham subay idi. Doğma kəndindəki küçələrdən biri şəhidin adını daşıyır.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər