Bu sözləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçıları ilə görüşdə deyib. Ş.Bayramov bildirib ki, növbəti illərdə xarici tələbələrin də Qarabağ Universitetinə cəlb edilməsi planlaşdırılır: “Qarabağ Universitetinin müasir bir təhsil ocağı olaraq Azərbaycan ali təhsilini dünyada ən yaxşı səviyyədə təmsil etməsi əsas hədəfimizdir”.
Təhsil eksperti Səbuhi Abdullayev isə mətbuata açıqlamasında bildirib ki, Qarabağ Universitetinin magistratura və doktorantura pillələrində bir çox müasir ixtisaslar üzrə tələbə qəbulu aparıla bilər: “Qarabağ zəngin mədəni, tarixi, ədəbi irsə malikdir. Mədəniyyət paytaxtımız olan Şuşa şəhəri özünəməxsusluğu ilə seçilir, aparılan quruculuq işləri sayəsində tədricən dünya şəhərləri sırasında yer alır. Tarixən Qarabağ bölgəsi elmin, incəsənətin, musiqinin beşiyi olub, burada alimlər, şairlər, bəstəkarlar yetişib. Qarabağ 30 ilə yaxın işğal altında qalıb. Baxmayaraq ki, işğal tarixinə qədər bölgənin tarixi araşdırılıb, hər dövrə aid tarixi-mədəni abidələr aşkar edilib, bununla belə yenidən bölgənin tarixi irsinin araşdırılmasına ehtiyac var. Erməni işğalı nəticəsində bölgənin mədəni, tarixi, dini abidələri dağıdılıb, vandalizmə məruz qalıb. Bu faktları dünya ictimaiyyətinin diqqətinə hər zaman çatdırmaq üçün Qarabağ Universitetində tədris ediləcək ixtisaslardan ən mühümü tarix olmalıdır. Diplomatiya ilə bağlı istiqamətlər də əsas təşkil etməlidir, çünki Azərbaycan yeni dövrə qədəm qoyub. Bölgədə söz sahibinə çevrilib, qonşu, eləcə də digər region dövlətləri ilə əlaqələr günü-gündən inkişaf etdirilir. Ona görə də diplomatiya sahəsində savadlı kadrlara tələb də artır. Diplomatik gedişlərə dərindən bələd olan kadrlar yetişdirməliyik. Qarabağın turizm potensialının da inkişaf etdirilməsinə ehtiyac var. Şuşa, Laçın, Kəlbəcər təbii gözəllikləri ilə seçilən rayonlarımızdandır, buranın təbii resursları çoxlu turist cəlbinə imkan yaradır. Ölkəmizə gələn turistlər mədəniyyətimiz, musiqimizlə də maraqlanırlar. Düşünürəm ki, Qarabağ Universitetində turizm və incəsənət yönümlü ixtisaslara da yer verilməlidir”.
Tahirə AĞAMİRZƏ