"Vətən səsi" xəbər verir ki, polotoloq Asif Nərimanlı Ermənistanın Baş naziri Nikol Paşinyanın ilk dəfə olaraq Türkiyəyə səfərə yollanmasını və İstanbulda keçirdiyi görüşləri şərh edərkən belə deyib. Onun fikrincə, Paşinyan hakimiyyətinin əsas hədəfi ölkəsi üçün Avropa bazarına çıxış əldə etmək və dalandan xilas olmaqdır: "Paşinyan buna nail olmağa çalışır. Lakin Ermənistan hakimiyyəti hədəfə gedən yolda bir neçə nəticə əldə etməlidir: 1)Türkiyə ilə münasibətlərin üçüncü tərəfin, yəni Azərbaycanın maraqları nəzərə alınmadan qurulması; 2) Sərhədlərin qeyd-şərtsiz və qısa müddətdə açılması; 3) Regional kommunikasiyanın açılmasında Zəngəzur dəhlizi layihəsini arxa plana keçirmək və “Sülh kəsişməsi” layihəsini qəbul etdirmək".
Asif Nərimanlı hesab edir ki, İrəvan-Ankara danışıqlarında Ermənistanın əsas niyyəti məhz həmin üç məqsəd olub. Onun fikrincə, Paşinyanın Türkiyəyə indi səfər etməsi istəklərini ən yüksək səviyyədə təqdim etməklə regional proseslərdən qaynaqlanır: "Birincisi, Ukrayna ətrafında danışıqlar prosesinin başlanmasından sonra Rusiyanın yenidən regionda aktivləşməsi və mövqelərini ilk olaraq Ermənistanda bərpa etmək cəhdləridir. Bu, Paşinyan hakimiyyətinə həm xarici siyasət kursunda, həm də daxili mövqelərində risklər vəd edir. Belə bir şəraitdə İrəvan Ankara ilə anlaşa və sərhədlərin açılması ilə dalandan çıxa biləcəyinə ümid edir. Buna nail olmaq Moskva qarşısında sərbəst siyasət aparmağa mane olan iqtisadi asılılığı da zəiflədə bilər. İkincisi, Ermənistanın regionda əsas müttəfiqi kimi gördüyü İranın faktiki olaraq oyundankənar vəziyyətə düşməsidir. Bu, İrəvanı regionda təklənmiş vəziyyətə salır və xüsusilə Rusiya qarşısında “məcburi geriçəkilmə” perspektivləri yaradır. İranın kənarda qalmasından sonra Türkiyə Ermənistan üçün regionda alternativ güc rolunu oynaya bilər. Paşinyanın səfəri ən azı belə bir imkanın olduğunu sərgiləməyə hesablanıb".
Politoloqun fikrincə, Türkiyə mövcud şərtlərdə Ermənistan üçün heç vaxt olmadığı qədər vacib oyunçuya çevrilib: "Hərçənd, İrəvanın bütün cəhdlərində çıxacağı qapı eynidir: Ankara ilə münasibətləri normallaşdırmaq, sərhədlərin açılmasına nail olmaq üçün Bakı ilə sülh sazişini imzalamaq. Paşinyanı İstanbulda qəbul edən Ərdoğanın bir gün öncə Əliyevlə görüşü də Bakı ilə “saatları yoxlamaq” və Azərbaycan olmadan Ermənistanla anlaşmanın olmayacağına əminlik yaratmaq, eləcə də Paşinyana Ankara-Bakı gündəliyini təqdim etmək məqsədi daşıyırdı. Ərdoğan-Paşinyan görüşündə Azərbaycan-Ermənistan sülh prosesinin müzakirə edilməsi də bunu deməyə əsas verir".
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən ilk dəfə olaraq Türkiyəyə işgüzar səfər edib. Onun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə 13 nəfər daxil idi. Onların arasında Xarici işlər naziri rəhbəri Ararat Mirzoyan və müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan da olub.
Elxan SALAHOV