Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. 2020-ci il noyabrın 10-dan, yəni İkinci Qarabağ müharibəsindən sonra, 360-dan çox insan mina partlayışlarının qurbanı olub. Bu rəqəm təəssüf ki, artmaqdadır. ANAMA-nın məlumatına görə, ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3500-ə yaxındır.
Layihənin rəhbəri Rəşad Mehdiyevin sözlərinə görə, hədəf regionlar mina hadisələrinin ən çox baş verdiyi bölgələr və keçmiş cəbhəyanı ərazilərdir. Layihə rəhbəri bildirib ki, müxtəlif dövrlərdə mina partlayışları nəticəsində zərərçəkmiş insanların düşdüyü vəziyyətlərini foto və video şəklində lentə almaqla onların acı həyat hekayələrini öz dillərindən eşitmək, cəmiyyətə və bütün dünyaya mesaj ötürməkdir. Məqsəd insanları mina və partlamamış hərbi sursatlar, minaların yaratdığı təhlükə və onlardan qorunma qaydaları barədə məlumatlandırmaqdır.
Layihə müddətində elektron fotokitabın hazırlanması, Azərbaycanda və xarici ölkələrdə fotosərgilərin təşkili və maarifləndirici videoçarxların hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, “Təhlükənin kulMİNAsiya nöqtəsi” adlı fotolayihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. “Gilavar Foto Klubu” İctimai Birliyi agentliyin 2024-cü il üçün elan etdiyi böyük qrant müsabiqəsinin “İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə” mövzusu üzrə qaliblərindən biridir.
Tahirə AĞAMİRZƏ