Siz nə zaman böyüdünüz belə heç bilmədik, siz nə zaman böyüdünüz belə gözünüzü qırpmadan sinənizi düşmənin topunun, mərmisinin, gülləsinin... önünə verməkdən çəkinmədiniz. Biz bilmədik, bilmədik ki, gənc yaşlarında KİŞİLƏR yetişdirib bu Vətən...Biz bilmədik, gözümüzün qabağında VƏTƏNLƏŞƏN OĞULLARI biz görmədik. Biz sizləri həyatın bərkinə, boşuna düşməmiş, öz ayaqları üzərində təpiyini yerə döyməmiş gənclər bildik... Sən demə, 18, 19, 20, 21...yaşlarınzda siz QƏHRƏMAN KİŞİLƏRmişsiniz, Şəhidlərim!
Əslən Göyçə mahalının Nərimanlı kəndindən olan Şubay oğlu Hikmət Hacıyev 1984-cü il dekabrın 7-də Şəmkir rayonunda dünyaya göz açıb. Orta təhsilini doğulduğu rayonda alan Hikmət 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbayca Ali Hərbi Məktəbində təhsil alıb. O, 2006-cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 3 il Füzulidə xidmət edib. 2012-ci ildə “Qüsursuz xidmətə görə, 2017-ci ildə 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medallarına, 2014-cü ildə kapitan hərbi rütbəsinə layiq görülüb.
Azərbaycan Ordusunun kapitanı olan Hikmət Hacıyev Vətən müharibəsinin ön sıralarında döyüşən igid oğullarımızdan biri olub. Füzulinin azad edilməsi uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqlar göstərib. Oktyabrın 2-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb və reanimasiyaya yerləşdirilib. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xəbərini eşitdikdən sonra gözlərini açıb, qanı qaçmış dodaqlarının ucunda gülümsəyib və şəhidlik məqamına ucalıb.
Kapitan Hikmət Hacıyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, 7 yaşlı oğlu, 2 yaşlı qızı əmanət qalıb.
Allahdan şəhidlərimizə rəhmət diləyirik!
Tahirə AĞAMİRZƏ