Sentyabrın 28-dən döyüşlərdə olsa da bunu ata-anasından gizlətməyə çalışırdı ki, çox narahat olmasınlar. İlkin Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldu. Bundan xəbərsiz olan anası həmin gün evdə onun otağını yığışdırırdı. Deyir ki, elə pəncərəni siləndə bir də gördüm polislər bizə gəlir. O anda ürəyim sancdı, qışqırdım ki, İlkinimə - balama nə oldu?...
Övladının şəhid olduğu anı atası da qəlbən hiss etdiyini deyir. Rəfail Quliyev deyir ki, övlad itkisi çox ağırdı, hara baxırsan onu xatırladır, gecə yatanda da yuxularında görürsən. Hər an onu hiss edirsən, xörək yeyəndə də göz yaşların yediyinə qarışır. 18 yaşlı övladını Vətənə qurban verən ailənin tək təsəllisi İlkinin Vətən uğrunda şəhadətə ucalmasıdı. Sevimli nəvəsini göz yaşlarıyla anan nənə isə müharibəsiz Azərbaycan arzulayır…
İlkinin ən böyük arzusu bisnes qurmaq idi. Anası bildirir ki, dostları ilə də danışmışdı ki, müharibədən sonra Qarabağda çalışsınlar.
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi İlkin Rəfail oğlu Quliyevin doğum günüdür. O, 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olub. 2007-ci ildə İlkingilin ailəsi Bakı şəhərinə köçüb. İlkin Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbdə təhsil alıb. 2019-cu ildən Qərb Universitetinin Kollecində təhsil alırdı. 2020-ci ilin aprel ayından hərbi xidmətə başlamışdı. Ordumuzun əsgəri İlkin Quliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Vətənin igid övladı İlkin Quliyev oktyabrın 8-də Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Sabunçu rayonunda, Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlkin Quliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman İlkin balamız!
Mina RƏŞİD