Bu elektron baza Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsi çərçivəsində hazırlanır.
İctimai Birliyin sədri və layihənin rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, Qərbi Azərbaycanın irsi mövzusu Qərbi Azərbaycanla bağlı həyata keçirilən fəaliyyətlərdə xüsusi önəm daşıyır. Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin tərkib hissəsi olub. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.
C.Hüseynzadə qeyd edib ki, bu tipli elektron baza ilk dəfədir yaradılır. Bu elektron bazaya maddi-mədəni abidələrlə bağlı məlumatlar Azərbaycan və ingilis dillərində toplanılacaq. E-bazada müxtəlif kriteriyalar üzrə axtarış sistemi qurulacaq. İlkin mərhələdə 200 maddi-mədəniyyət abidəsi haqqında məlumatların işlənilərək bazaya daxil edilməsi nəzərdə tutulur. (AZƏRTAC)