Bu gün şəhidimiz Abdullayev Elvin Elçin oğlunun doğum günüdür. O, 23 may 2003-cü ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. Neftçala rayon Bankə qəsəbəsi 2 saylı tam orta məktəbi bitirib. Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Abdullayev Elvin Elçin oğlu 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Abdullayev Elvin Elçin oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Ölkə başçısının digər sərəncamı ilə Elvin Abdullayev “Vətən uğrunda” medalı ilə təltif edilib.
Doğmaları bildirirlər ki, Elçin cəsur bir əsgər, mərd oğul idi. Döyüş yoldaşları onun haqıında danışırlar ki, Elvin boğazından qəlpə yarası aldı. Onun yaralarını sarıdıq. Özümüz döyüşə yollandıq və Elvinə olduğu yerdə gözləməsini bildirdik. Amma Elvini qayıdarkən tapa bilmədik. Axtarış edərkən Elvinin 3 km irəlidə döyüşərkən şəhid olduğunun şahidi olduq.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Elvin balamız!
Mina RƏŞİD