23.12.2024, 22:01
AZ EN
04.07.2024, 12:51 296

İşğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunan diaspor nümayəndələrinin sayı açıqlanıb

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki Azərbaycan icmalarının təmsilçilərinin, eləcə də əcnəbi tarixçi, jurnalist və müxtəlif sahələri təmsil edən ekspertlərin işğaldan azad olunan Qarabağa və ətraf rayonlara səfərlərini təşkil edib. İşğaldan azad olunan ərazilərə 2021-ci ildən cari il iyulun 1-dək ümumilikdə 1000 nəfərə yaxın şəxsin səfəri təşkil olunub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilən ərazilərə səfərlərin təşkilində məqsəd xaricdə yaşayan azərbaycanlıların və əcnəbilərin uzun illər işğal altında qalan ərazilərimizdə törədilən vandalizm aktlarına şahidlik etmələri, Azərbaycan dövlətinin həmin ərazilərdə apardığı quruculuq işləri ilə tanış olmalarıdır.

Qarabağa səfərlərin təşkili həmin şəxslərin həqiqətlərlə yerində tanış olaraq xaricdə ölkəmiz əleyhinə aparılan dezinformasiyaların qarşının alınmasında fəal iştirak etmələrinə müsbət təsir göstərib.

Diaspor nümayəndələrinin və xaricilərin səfərləri əsasən Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan və Ağdam rayonlarına olub.

Xaricdə yaşayan azərbaycanlıların (xaricilərin iştirak etmədikləri) Şuşa şəhərinə səfərlərinin sayı isə 11 olub.

Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın tanınmış nəsillərinin xaricdə yaşayan təmsilçilərinin işğaldan azad olunmuş rayonlara fərdi səfərlərini də təşkil edib. Bunlara İrəvan xanının Almaniyada yaşayan nəticəsi Əmir Əli Sərdari İrəvaninin, Pənahəli xanın nəslindən olan və İspaniyada yaşayan Əkbərovlar ailəsinin səfərlərini misal göstərmək olar.

Məlumat üçün bildirək ki, xarici tarixçi və jurnalistlər işğaldan azad olunmuş ərazilərə səfərləri ilə bağlı beynəlxalq mətbuatda onlarla məqalə və rəy dərc etdiriblər. (AZƏRTAC)

Oxşar xəbərlər