20.01.2025, 23:54
AZ EN
14.06.2022, 11:10 576

Füzuli rayonundan məcburi köçkün: “Nəvələrimi kəndimizdə böyüdəcəm”

XƏBƏRLƏR
  • Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan sonra  Böyük Qayıdışa start verilib. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Bərpa-quruculuq işləri sürətlə davam edir. Dəmir yolları, avtomobil yolları çəkilir. Füzuli rayonunda Hava limanı istifadəyə verilib. Zəngilanda isə Hava limanının istifadəyə verilməsinə az  qalıb.

Həmin yerlərdən didərgin düşmüş soydaşlarımız əmindirlər ki, doğma yurda qayıdışdan sonra çəkdikləri hər bir ağrı-acı sevinclə əvəzlənəcək. Belə soydaşlarımızdan biri də Esmira Cəlil qızı Kərimovadır. O ürək sözlərini belə çatdırdı:

- Mən Füzuli rayonunun Qacar kəndindənəm. Kəndimiz dağ ətəyində yerləşir. Kəndimizi ermənilər güllə yağışına tutanda mən də yaralanmışdım. Həyat yoldaşımla körpə uşaqarımızı (3 uşağımız var) qucağımıza götürüb kəndimizi məcburən tərk etdik. Füzulinin işğalı zamanı itkilərimiz çox olmuşdu. Beyləqana pənah gətirib burada müvəqqəti məskunlaşdıq. Sağ olsun, rayon adamları, bizə yaxşı baxırdılar.  Bir neçə il burada yaşadıqdan sonra Binəqədi rayonunun Biləcəri qəsəbəsinə köçüb burada yaşamağa davam etdik. Hazırda burada ticarətlə məşğul oluruq. Bu illər ərzində mənim bir çox doğmalarım, yaxınlarım Füzuli həsrətiylə dünyadan köçüb. Artıq ağır günlərimiz arxada qalıb.

Ulu Öndərimizin siyasi varisi, hər bir addımını inamla dəstəklədiyimiz Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunacağına bir an belə şübhə etmədik. Şükürlər olsun ki, dövlət başçımızın rəhbərliyi ilə güclü Ordumuz  44 günlük  Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək adını tarixə qızıl hərflərlə yazdı. Noyabrın 7-də bizim kəndimiz də  işğaldan azad edildi. Bunun üçün şəhidlərimizə borcluyuq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram.

Prezident cənab İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın Füzuliyə səfərlərini sevinclə izləyirdik. 27 ildən sonra ilk dəfə televiziya ekranlarından gördüyümüz dədə-baba torpağımızın, ev-eşiyimizin darmadağın olmasına kədərlənsək də sevinirik ki, torpaqlarımız azaddır. Bu sevinci bizə yaşadan dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk.  Prezidentimizin rəhbərliyi ilə doğma torpaqlarımızın yenidən dirçəldiləcəyinə inanırdıq. Hazırda davam edən infrastruktur, yenidən qurma işləri az bir zamanda hər şeyin ürəyimizcə olacağını göstərir. Füzulidə salınan Hava limanı yaxın gələcəkdə həm biz sakinlərinin, həm də xaricdən ölkəmizə gələn turistlərin Qarabağımıza və digər ərazilərimizə rahat şəkildə səyahət etmələri üçün xüsusi rol oynayacaqdır. Bütün bunları izlədikcə sevincimiz aşıb-daşır. Prezidentimizin əmrini gözləyirik. Nə zaman qərar verilsə, o gün doğma ata-baba yurdumuza getməyə hazırıq. Ailəmizlə birgə  doğma kəndimizdə işlərimizi davam etdirəcək, orada nəvələrimi böyüdəcəyəm. Bundan böyük xoşbəxtlik nə ola bilər ki?

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər