Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Qara Eldəniz oğlu Nəsirovun doğum günüdür. O, 5 yanvar 1999-cu ildə Beyləqan rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Qara Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Qara Nəsirov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Qara Nəsirov ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD