20.10.2024, 16:43
AZ EN
29.08.2023, 17:53 209

Bakıdan Xankəndiyə yardım: ictimaiyyət nümayəndələri nə düşünür?

XƏBƏRLƏR
  • Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Bu gün səhər Bakıdan yola salınan humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.

Bəs, Azərbaycan ictimaiyyəti ölkənin ən iri humanitar təşkilatlarından sayılan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli sakinlərə yardım göndərməsinə münasibəti necədir?

“Vətən səsi” ictimaiyyət nümayəndələrinin bununla bağlı fikirlərini oxucuların diqqətinə çatdırır:

Elxan Şahinoğlu, “Atlas Araşdırmalar Mərkəzinin rəhbəri:

-Erməni separatçıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün nəzərdə tutulan 40 ton un məmulatının qəbuluna əngəl yaratsa “Azərbaycan bizi mühasirədə saxlayır”, “Bakı Qarabağ ermənilərinin sosial problemlərini dərinləşdirir”, “acından ölürük” kimi bəhanələri qalmayacaq, sadəcə bu prosesdə əsas iş diplomatiyamızın üzərinə düşəcək. Diplomatiyamız beynəlxalq aləmi inandırmalıdır ki, Azərbaycan Qarabağda yaşayan erməniilərin sosial problemlərini həll etməyə çalışır, məsələlərin həllinə imkan vermək istəməyən separatçılardır. Bu təbliğatı genişləndirə bilsək, BMT və digər təşkilatlarda “Laçın yolunu açın” kimi çağırışların effekti qalmayacaq, Fransa da oyundankənar vəziyyətə düşəcək.

Bundan sonra ermənilərin daha bəhanələri qalmayacaq. Separatçıların, erməni lobbisinin və onların arxasındakı güclərin guya ermənilərin sosial problemlərinin həllinə Azərbaycanın imkan vermədiyini,  mühasirədə saxlanıldığını deməyə əsasları olmayacaq. Biz bu yardımı göndərməklə ermənilərə kömək əlimizi uzatmağa hazır olduğumuzu göstəririk. Pasportlarımızı daşıyıb, qanunlarımıza tabe olsalar, digər problemlərin həlli də mümkündür. Bakıdan göndərilən yardımı qəbul etməyib, ona əngəllər yaratsalar, “biz mühasirədəyik, Azərbaycan bizi sıxışdırır” kimi bəhanələrin əsası olmayacaq.

Asif Nərimanlı, siyasi şərhçi:

-Ermənistanın “TIR şousu” hələ iyulun 25-də başlasa da, Bakının Ağdam yoluna indi yardım çıxarmasının iki məqsədi aydın görünür: birincisi, Fransanın planlarına cavab, ikincisi isə Xankəndindəki erməni ictimai rəyinə təsir etməkdir.

Separatçı qüvvələr arasında Ağdam yolundan yardımın qəbul edilməsi ilə bağlı ciddi fikir ayrılığı var. Samvel Babayanın dəstəsi bunu dəstəkləyir, Ruben Vardanyanın dəstəsi qarşı çıxır, mövcud “rəhbərlik” - Araik və komandası isə qərar vermək üçün müzakirələr aparır.

Bakının yardımı indi Ağdam yoluna göndərməsi Xankəndidə bu yardımın qəbul edilməsi, yoxsa imtina edilməsi ilə bağlı qarşıdurmanı kəskinləşdirəcək. Bu, həm separatçılar arasında “həmrəyliyi” pozur, həm də Qarabağda yaşayan erməni sakinlər arasında yardımı qəbul etmək istəklərini gücləndirir. Ağdam yolunda humanitar mərkəz yaradılarsa, ermənilərin ərzaq üçün bura müraciət edəcəyi gözləntisi böyükdür. Laçın-Xankəndi yolunda aksiya zamanı mülki erməni Toros Qazaryanın kömək üçün azərbaycanlılara müraciət etməsi bunun bariz nümunəsidir.

Elçin Rüstəmli, yazar:

-Bakıdan Qarabağ ermənilərinə 40 ton humanitar yardım göndərilir. Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək. Bu yolu Vardanyanın dəstəsi beton maneələrlə bağlayıb. Görək, separatçılar, Beynəlxalq Qırmızı Xaç Komitəsi, ABŞ, Avropa İttifaqı, Rusiya nə deyəcək?

Jalə Mütəllimova, jurnalist:
-Tarix boyu belə olmuşuq, əl tutmuşuq, İNSAN olmuşuq. Qırx ton un və un məmulatları, “Qızıl Ay” - Azərbaycanla, ilk karvan üzü Xankəndiyə gedir. Həm də çox əlverişli, hamıya faydalı olacaq, Ağdam-Xankəndi yolu ilə. Bu karvan əslində böyük sülh karvanıdır. Ulularımızdan belə eşitmişik: Allah, Məhəmməd, ya Əli! Tanrı dövlətimizi olduğu zirvədən də ucaya qaldıracaq. Nəhəng, böyük bir proses başlanıb.

Sədi Məmmədov, kinossenarist:

-Ermənilərə humanitar yardım göndərmək siyasi addımdır və yəqin bütün ağıllı adamların heyranlıqla izlədiyi mənzərədir. Erməni başbilənlərinin Şah gedişinə cavabı yoxdur yəqin... Zatən 3 ildir Azərbaycanın gücü, hökmü və ədaləti qarşısında diz çöküblər...

Elxan SALAHOV

Oxşar xəbərlər