"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladlarının "Məzun günü" qeyd olunub.
Təşkilatın sədri, həmçinin “YAŞAT” Fondunun Himayəçilər Şurasının üzvü, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxışında şəhid övladlarına hər cür qayğı və diqqətin vacib olduğunu vurğulayıb.
"Bu il mənim övladım da daxil onlarla şəhid yadigarı olan şagird məzundur. Bundan sonra onlar ali təhsil alaraq həm öz valideynlərinə, həm də Vətənə daha layiqli övlad olmağa çalışacaqlar", - o bildirib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov məzun olan şəhid övladlarına öz ürək sözlərini və təbriklərini çatdırıb.
Milli Məclisin deputatı Hicran Hüseynova isə çıxışında şəhid övladlarının Azərbaycan xalqına və Vətənə əmanət olduqlarını söyləyib: "Şəhid övladları bizə əmanətdir. Bu əmanətə sadiqlik hər bir vətəndaşımızın mənəvi borcudur".
Daha sonra tədbir bədii hissə ilə davam edib. Bəstəkar-müğənni Sevinc Ağasıyeva (Sivva) məzunlar üçün vətənpərvərlik ruhunda bir neçə ifasını təqdim edib. Sənətçi sonda müəllifi olduğu "Əziz müəllimim" mahnısını məzun olan şəhid övladları ilə birgə oxuyub. ("Report")