Bununla bağlı iyunun 28-də Bakı Konqres Mərkəzində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Albina Abduraxmanova və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov məlumat veriblər. Bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq formalaşdırılan “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.
Proqrama qoşulmaq istəyən, 18-29 yaşarası, əslən Laçın rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq “qayidish.konullu.az” saytında qeydiyyatdan keçə bilər. Qeydiyyat 2024-cü il iyulun 15-nə kimi davam edəcək.
Müraciəti müsbət dəyərləndirilmiş gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhələsindən keçəcəklər. Seçilmiş gənclər müvafiq təlim və hazırlıq keçdikdən sonra Laçın rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar. Könüllülərin hazırlanması üçün baza təlimləri peşəkar təlimçilər tərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Minalardan qorunma qaydaları” mövzularında həyata keçiriləcək. Təlimlərin təşkilində məqsəd gənclərin könüllülüyün prinsip və dəyərləri, könüllülük kodeksi, vətəndaşlar və xarici qonaqlarla ünsiyyət qaydaları, tapşırıqların yerinə yetirilməsi və subordinasiya, peşəkar fəaliyyətlərdə emosiyaların idarəolunması, situasiyalardan çıxış yolları, səmərəli ünsiyyət, Azərbaycanda gənclər siyasətinin prioritetləri, həmçinin təhlükəsizlik qaydaları haqqında bilik və bacarıqlarının artırılmasıdır.
Qeyd edək ki, hazırda “Qayıdış Könüllüləri” proqramı çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri”, “Zəngilan Könüllüləri” və “Füzuli Könüllüləri” qrupları fəaliyyət göstərir. Könüllülər müvafiq ərazilərdə müxtəlif fəaliyyətlərə cəlb olunur və fəal iştirak edirlər. (AZƏRTAC)