Bunu hindistanlı insan haqları aktivisti Mohammad Husain deyib.
O, 30-dan çox vətəndaş cəmiyyəti fəalının, ekspertin və eko-aktivistin imzaladığı petisiyanın məsələnin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına yardım edəcəyini, qəbul edilmiş bəyanatın BMT qurumlarına, beynəlxalq ətraf mühit və insan haqları təşkilatlarına göndəriləcəyini deyib:
“Bu cür kollektiv bəyanatın imzalanması çox yaxşıdır, biz anlamalıyıq ki, pul hər şey demək deyil. Bu cür zavodun inşası insanlara, planetə zərər vurur. İnsan sağlamlığına, ətraf-mühitə, dayanıqlılığa vurduğu genişmiqyaslı təsirlərini nəzərə alsaq, bu zavodun inşası vətəndaş cəmiyyəti təşkilatları üçün qırmızı xətdir. Metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük olacaq. Bu ekoloji zərbə insan sağlamlığına və təhlükəsizliyinə, floraya, faunaya, torpağa, havaya və su strukturlarına mütləq şəkildə öz mənfi təsirini göstərəcək. Zavodun tullantılarının Araz çayına axıdılması potensialı çaydakı vəhşi təbiət üçün, həmçinin Araz çayından suvarma məqsədilə istifadə edən fermer təsərrüfatları üçün narahatlıq yaradır. İçməli su tədarükünün zədələnməsi sərhəd kəndlərində yoluxucu xəstəliklərin yayılmasına səbəb ola, insanların sağlamlığına və su təhlükəsizliyinə ziyan vura bilər. Potensial olaraq bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai sağlamlıq böhranı yarada bilər”.
Mohammad Husain Ermənistanın, xüsusilə də ictimai sağlamlıq və vərəmə qarşı təbliğat aparan vətəndaş cəmiyyəti təşkilatlarını dərhal hərəkətə keçməyə və Arazdəyəndə bu zavodun tikintisinə etiraz etməyə çağırıb.
“Onun tikintisi şübhəsiz ki, Ermənistanın özünün ekoloji vəziyyətinə əsaslı mənfi təsirlər göstərəcək”, - o, deyib. (APA)