23.11.2024, 00:31
AZ EN
19.08.2022, 09:00 490

Böyük Qayıdışın ayaq səsləri Laçın yollarında da eşidiləсək

XƏBƏRLƏR
  • Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinə, onun yaxınlığındakı Zabux və Sus kəndlərinə yerli sakinlərin qayıdışına hazırlıq görülməsi barədə tapşırıq verdi. Dövlə­ti­mizin başçısının tapşırığı sosial şəbəkələrdə də geniş əks-səda doğurub.

Könül Həsənova, Bakı şəhər sakini: “Mən məcburi köçkün olmasam da, elimi, obamı, Vətənimi, torpağımı, millətimi, dövlətimi çox sevən, yəni torpağıma çox bağlı insanam. Bu qayıdış mənim üçün çox sevindiricidir. Çünki bu bir təməldi, inşallah, bu bizim Qubadlımıza da olacaq. Allah hər birimizə o günü görməyi nəsib eləsin, torpaqlarımızda doya-doya yaşamağı...

Uzun illərdən sonra xalqımız ilk qayıdış sevincini Zəngilanın Ağalı kəndinə qayıt­maq­la daddı. Məcburi köçkün həyatı yaşayan insanların bir hissəsi öz doğma dədə-baba yurdlarına qayıtdı və orada həyat yenidən başlayır. Hər birimiz bu qayıdışı sevinclə izləyib, “sağ əlləri bizim başımıza olsun” dedik.

Bunun ardınca isə avqustun 12-də Prezident cənab İlham Əliyevin regionlara növbəti səfəri çərçivəsində Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi ölkə ictimaiyyətində növbəti qayıdış sevincini bir daha yaşatdı.

“Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq”. Bunu eşidəndə sevinc qarışıq kövrək hisslər qəlbimi çuğladı. Artıq dövlətimizin başçısının qürur və güvən verən bu çıxışı hər bir məcburi köçkün həyatı yaşayan soydaşlarımızın tezliklə doğma dədə-baba yurdlarına qayıdacağına inamımızı daha da gücləndirdi. Bilirsiniz, Laçının, onun kəndlərinin necə füsunkar təbiəti var... İnşallah, Böyük Qayıdışın ayaq səslərini Laçının yollarında hiss edərik. Bu sevinc hissini xalqımıza yaşadan, həsrətimizə son qoyan Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. 30 ilə yaxın işğalda qalan torpaqlarımızı 44 günün içindəcə düşmən tapdağından azad edən, bu yolda canını əsirgəməyən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə cansağlığı arzulayıram. Zabux və Sus kəndləri türkün qədim oylağıdır. Yolunuz açıq olsun, əziz soydaşlarım!”

Adilə Nəzər, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil İnstitutunun aparıcı elmi işçisi: “Dövlətimizin başçısı cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərin bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının başlanması üçün verdiyi sərəncamları birmənalı olaraq alqışlayıram.

Təkcə Laçın rayonuna, Zabux və Sus kəndlərinə yox, ümumilikdə, Şərqi Zəngəzura və Qarabağa bütünlüklə qayıdışın ən qısa zamanda həyata keçirilməsinin vacib olduğunu düşünürəm. Amma bunun üçün öncə təşkilati məsələlər həll olunmalı, doğma yurda qayıdacaq sakinlərin yaşaması və işləməsi üçün mümkün şərait yaradılmalıdır. Köçürülən əhalinin də tez bir zamanda doğma yurd-yuvalarını abadlaşdıracaqlarına əminəm. Azərbaycan xalqı yurda, torpağa bağlı xalqdır. Öz dədə-baba torpaqlarını yenidən dirçəldəcəklər, həyat yenidən qaynayacaq o müqəddəs türk torpaqlarında”.

Ayaz Arabaçı, şair: “Əzəli və əbədi torpaqlarımıza qayıdışı alqışlayıram. Zəngi­lanın Ağalı kəndindən başlanılan ilk qayıdışın davamlı olacağına heç birimizin şübhəsi yox idi. O torpaqlar yenidən əmin əllərə, öz doğma övladlarına qovuşur. 30 ilə yaxın bir müddər ərzində doğma sakinlərindən ayrı düşən, necə deyərlər, əsl sakininin xiffətini çəkən torpaq da canlanacaq, həyat əvvəlkindən də yaxşı olacaq orada... Hamımız bilirik ki, Laçın Azərbaycanın böyük strateji əhəmiyyətə malik olan bölgəsidir və ölkəmiz üçün həm siyasi, həm də iqtisadi cəhətdən önəmlidir...”

Vüqar Həsənov, Qubadlı rayonu, Teymur Müskanlı kənd icra nümayəndəliyinin baş məsləhətçisi: “Böyük Qayıdış Zəngilanın Ağalı kəndindən başladı. Hal-hazırda işğaldan azad olunan rayonlarımızda çox böyük işlər gedir və yaxın illərdə bütün məcburi köçkünlərimizin öz doğma yurdlarına mərhələli olaraq qayıdışı təmin olunacaq. Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, biz nəinki işğaldan azad olunan yurdlarımıza, qayıdacağıq, hətta öz tarixi torpaqlarımız olan Qərbi Zəngəzura, İrəvana da qayıdacağımız gün uzaqda deyil. Prezident İlham Əliyevin fikirləri mərhələ-mərhələ reallaşır.

44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman oğullarının canı-qanı bahasına torpaqlarımız işğaldan azad olundu və biz qalib gəldik... Məlumdur ki, erməni terrorçuları Laçın rayonu və kəndləri işğal edildikdən sonra, Laçının bəzi kəndlərində evlər tikərək Suriyadan, Livandan gətirdikləri erməniləri yerləşdirmişlər. İndi həmin kəndləri boşaldıb öz sahiblərinə qaytarmağa məcburdurlar.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Zabux kəndinə həmin kənddən məcburi köçkün düşən əhalini köçürtmək çox təqdirəlayiqdir. Ümumiyyətlə, işğaldan azad olunan rayonlarımızda salamat qalan, yaşayışa yararlı evlər varsa, həmin evlərə məcburi köçkünlərimizi yerləşdirmək lazımdır. İşğaldan azad olunan yurdlarımızın bərpası asan məsələ deyil, bu proses mərhələli şəkildə həyata keçirilir, əsas da odur ki, erməni terrorçularının torpaqlarımıza yerləşdirdikləri minalar bərpa prosesini çox ləngidir...

İnşallah, Azərbaycan lap yaxın zamanda bütün ərazi bütövlüyünü təmin edəcək, biz nəinki Şərqi Zəngəzura, Qarabağa, hətta Qərbi Zəngəzura, İrəvana da qayıdacağıq, aparılan təməlli siyasət bunu göstərir. Biz məcburi köçkünlər öz əzəli və əbədi torpaqlarımıza qayıdıb gözəl adət-ənənələrimizi yenidən yaşayıb yaradacağıq”. 

Arif Məmmədli, “Laçın yurdu” jurnalının təsisçisi və baş redaktoru: “Qarabağa, işğaldan azad olunmuş torpaqlarımıza qayıdış Vətən müharibəsindəki şanlı qələbəmizdən dərhal sonra başlayıb. O yerlərə ilk olaraq igid əsgər və zabitlərimiz şəhidlərimizin müqəddəs ruhu ilə bərabər qayıdıb. Üç rəngli bayrağımızın dalğalandığı rayon və şəhərlərdə, kənd və qəsəbələrdə daimi məskunlaşmağın anonsu verilib. Minatəmizləyənlər, yeni infrastrukturun yaradılmasında iştirak edən mütəxəssislər, işgüzar insanlar qayıdışa əminliyini daha da möhkəmləndirib.

Son günlərin ən önəmli, sevincimizi birə-beş qat artıran hadisə isə üzdəniraqların Laçın şəhərindən, Zabux və Sus kəndlərindən rədd olub getməyə hazırlaşmaları oldu.  Çünki onların buradan getməyəcəklərini arxayınlıqla bəyan etmələri hər birimizin əsəblərinə toxunur, ordumuzun səbrini daşdırırdı. Görünür, igidlərimizin “yalvarmaqla donuz zəmidən çıxmaz” deyimindən doğan  sərt təpkisi, “qisas” əməliyyatı ermənilərin ağıllarını başlarına gətirdi və başqa çıxış yolunun olmadığını anladılar. Bu da son nəticə. İndi axırıncı təsəllilərini qanunsuz yaşadıqları evləri yandırmaqla tapırlar. Bundan narahat olmağa dəyməz. Onsuz da tezliklə doğma yurdlarına qayıdacaqları günü gözləyən laçınlılar heç vaxt mənfur ermənini əli-ayağı, nəfəsi dəyən evlərdə yaşamayacaqlarını dönə-dönə vurğulayıblar. Ona görə də haram izlərini halal torpaq­larımızdan özləri qaşısalar yaxşıdır.

Artıq Laçın şəhərinin, Zabux və Sus kəndlərinin sakinləri doğma yurda qayıdış əhval-ruhiyyəsindədir. Tanıdığımız insanların necə tələsdiklərinin şahidiyik. Yerli sakinlərin fədakarlığı, dövlətimizin dəstəyi ilə Laçın şəhərinin və bütün kəndlərin yenidən qurulacağına əminik. Bu əminliyə son nöqtəni də dövlətimizin başçısı cənab İlham Əliyev qoydu: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”.

Yolunuz açıq olsun, əziz soydaşlarım. Sağ əliniz qalan Laçının 123 kəndindən olan digər məcburi köçkünlərin başına! Qayıdışınız mübarək!”

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər